Siyasət

“Yalan vədlərdən bezmişik” – NARAZILIQ VAR…

Viravul kəndi Lənkəranın mərkəzindən 12 kilometr aralıda yerləşir. Dörd min sakini var. Onlar uzun illərdir ki, yararsız yoldan istifadə etmək məcburiyyətindədir. Kəndin girəcəyindəki 4 kilometr yol tamamilə yararsız vəziyyətdədir. Elə məhəllələrarası yollar da o gündədir. Kənd sakini Rza Cəfərov deyir, nədənsə bu yol bütün dövlət layihələrindən kənarda qalır:

“2016-cı ildən aidiyyəti qurumlara məktublar göndəririk, cavab məktubunda yazırlar ki, növbəti ildə yollar təmir olunacaq. Yalan vədlərdən bezmişik”.

Digər kənd sakini Əyyub Musayevin sözlərinə görə, yollar sonuncu dəfə 33 il əvvəl təmir olunub:

“O vaxtdan indiyədək aidiyyəti üzrə qurumlara müraciət etsək də, yolları təmir etmirlər. Məhəllələrə aradabir özümüz çınqıl alıb tökürük, ancaq bu problemi kökündən həll etmək lazımdır. Kəndin girəcəyi elə vəziyyətdədir ki, maşınlarımız çuxura düşür, sınır. Həm kəndin girəcəyindəki yolun, həm də məhəllə yollarının əsaslı təmirə ehtiyacı var”.

“Deyirlər, poçtun fəaliyyəti dövlətə zərər vurur”

Kəndlilərin ikinci problemi poçt xidmətiylə bağlıdır. Onların deməsinə görə, kənddə fəaliyyət göstərən poçt şöbəsi bir neçə gün əvvəl bağlanıb. Sakin Rza Cəfərov deyir, onlara poçt şöbəsinin bağlanmasını xərclərlə əsaslandırıblar:

“Deyirlər ki, poçt şöbəsinin xərcləri gəlirindən çoxdur, dövlət zərər çəkir. Bu, vətəndaşın qayğısıdır? Bunu vətəndaşa xidməti dayandırmaqla həll etməliydilər? Başqa yol tapa bilmirdilər məgər? Dünən pensiyalarımız verilib. Məndən xahiş edirlər ki, mərkəzə gedirsən, bizim də kommunal borclarımızı apar ödə. Tutaq ki, bu ay mən ödədim, bəs sonra necə olacaq? Lənkəranın mərkəzinə, yaxud başqa kəndlərə gedib-gəlmək iki avtobus dəyişmək, əlavə xərc deməkdir. Yüzlərlə ailə kommunal borlarını necə ödəsin?”.

Sakinin deməsinə görə, məsələ təkcə kommunal ödənişlər deyil. Məktub yollamaq, harasa bağlama göndərmək üçün də gərək bundan sonra ya 4 kilometr aralıda yerləşən Vilvana getsinlər, ya da Lənkəranın mərkəzinə. İş orasındadır ki, heç Vilvanın da poçtu normal xidmət göstərmir.

Yollar gələn il təmir olunacaq, kommunal ödənilşər üçün alternativ yollar var

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, kəndin mərkəzi yolunun əsaslı təmir olunaraq asfalt örtüyünün çəkilməsi işləri Baş nazirin 27 may 2024-ci il tarixli əmri ilə 2025-ci ilin investisiya proqramina daxil edilib. Kənddəki poçt şöbəsinin bağlanmasına gəlincə, qurumdan bildirilib ki, vətəndaşlar poçt xidmətindən yalnız kommunal ödənişlər üçün istifadə edir.

“Bunun üçün isə alternativ yollar var, vətəndaşlar kommunal borclarını həm internet üzərindən, həm də ödəniş terminalları vasitəsiylə həyata keçirə bilərlər. Bağlama, məktub əməliyyatlarına görə isə Viravuldan 2,5 kilometr aralıda yerləşən Vilvan kənd poçt şöbəsinin xidmətindən istifadə edə bilərlər”, – deyə qurumdan bildirilib.

Dia-az.İnfo

Paylaş: