Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada NƏLƏR BAŞ VERİR – İTTİHAM VAR…
Qarabağ müharibəsi veteranı, Şabran rayonu, Çölquşçu kəndində yaşayan Şərifov Elmar Vüqar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
“Bildirirəm ki, mən Şərifov Elmar Vüqar oğlu 6 ildən artıq Silahlı Qüvvələrimizin
tərkibində (DQ) MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət
etmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qalib ordumuzun tərkibində
Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə
iştirak etmiş, rəşadətli döyüş yolu keçmiş hərbçiyəm.
Şuşadan ordu sıralarından xidmət müddətimin başa çatması ilə əlaqədar tərxis
olunduqdan sonra mülki həyatda ailəmi dolandırmaq və halal zəhmətimlə dolanışığımı
təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək
Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü
kimi əmək fəaliyyətinə başladım. İşə başlayarkən işlə təmin olunmağıma sevinsəm də
bu sevincim uzun çəkmədi və “qara günlər”imin məhz bundan sonra başladığını
anladım.
Belə ki, İdarənin əməkdaşlarını iş saatlarında xidməti zərurətlə bağlı DOST 5 və
digər inzibati binalara aparıb-gətirmək üçün istifadəmə idarənin balansında olan
Mersedes E class 90-AO-790 dövlət nömrə nişanlı avtomobil təhkim edilsə də, Milli
Observatoriyanın (əslində antiMilli) İdarə Heyətinin üzvü Hasil Vasif oğlu Abbasov
məni sözün həqiqi mənasında qul kimi işlətməyə, dövlətin avtomobilini və yanacağını,
habelə məni şəxsi məqsədləri üçün istismar etməyə başladı. Belə ki, əmək
müqaviləsinə əsasən iş vaxtım 18.30-da bitməli olduğu halda alkoqolik, yüngül və
melanxolik həyat tərzi keçirən Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4
radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu
götürməli olduğumu deyir, mən də məcburiyyət qarşısında qalıb onu adətən
barlardan, kafelərdən, restoranlardan götürməli olurdum. Bəzi hallarda isə, idarənin
avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai
nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib
“şərab əhlini” evinə gətirməli olurdum. Gün ərzində demək olar ki, söhbət etməkdən,
yutubda müxtəlif filmlərə baxmaqdan və siqaret çəkməkdən başqa heç bir iş görmədiyi
halda əsassız olaraq 10 min manata yaxın maaş alan Hasil Abbasov ən azından
cibindən çıxarıb heç taksi pulumu da ödəmirdi. Bəzi hallarda isə gecə saat 3-4-də
restoranlarda yeyib-içib idarəyə məxsus avtomobilin açarlarını “parkovşik”ə verib, mənə
zəng edib avtomobili Neftçilər ərazisindən götürməyi tapşırırdı. Beləcə gecəm gündüzə,
gündüzüm gecəyə qarışmışdı. İdarəyə, dövlətə can yandırmaqdan ağız dolusu
populistcəsinə danışan Hasil Abbasov dövlət idarəsinin sürücüsünü, dövlətin
avtomobilini, yanacağını şəxsi əyyaş məqsədləri üçün istismar edirdi. Gecələrlə yanaşı,
gündüzlər də Hasil Abbasov istismarçılığını davam etdirir, məni nəinki iş saatlarından
sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün (ailəsini hardansa götürmək,
uşağı məktəbdən götürmək, ona aid nəyisə hardasan almaq və s.) istismar etməkdə idi.
Bütün bunlarla kifayətlənməyən Hasil Abbasov qeyri-iş günlərində, şənbə, bazar
günləri də məni və dövlətin avtomobilini şəxsi məqsədləri üçün istismar edirdi. Həftə içi
onu gecə saatlarında “meyxanalardan” götürməkdən yuxu rejimim və sağlamlığım o
qədər pozulmuşdu ki, bir gün şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi
işlərini icra etmək üçün gedəndə 20 Yanvar dairəsi adlanan ərazidə yorğunluqdan qəza
törətdim və H.Abbasovun tələbi ilə təxminən öz vəsaitim hesabına 400 manat xərc
çəkərək avtomobili təmir etdirdim. Danışanda vicdandan pafoslu cümlələr quran
H.Abbasov isə 1 qəpik də olsa mənə kömək etmədi və mən borc-xərc hesabına, maddi-
məişət şəraitim (daha doğrusu şəraitsizliyimin) acınacaqlı olmasına və kirayədə
yaşamağıma baxmayaraq avtomobili özüm təmir etdirməli oldum.
Təbii ki, bütün bunları Hasil Abbasov Milli Observatoriyanın İdarə Heyətinin sədri
Səfərli Elnur Novruz oğlunun və onun himayəçisi Nazirliyin Strateji planlaşdırma
şöbəsinin müdir müavini Rəşad Zalovun, həmçinin həmin şöbənin müdiri Əliyev Sadiq
Cabir oğlunun himayəsi ilə edirdi. Çünki, idarənin digər sürücüsü də idarənin işlərindən
daha çox Rəşad Zalovun uşağını məktəbə aparıb gətirməklə məşğul idi.
Hətta bir dəfə avtomobillə DOST-5 ə idarənin işi üçün xidməti zərurətlə bağlı
qurumun əməkdaşlarını aparanda, H.Abbasov məni buna görə danlamışdı.
Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, H.Abbasovun da bu əməllərinin
bir gün aşkar olacağını, bu zaman mənim də başımın ağraya biləcəyini ona bildirdikdə
mənə əminliklə demişdi ki, “Narahat olma, burada bu məsələni bilib səsini çıxara biləsi
3-4 nəfər var – Faiq Musayev (Keyfiyyətə nəzarət), Kamran Rəhimov (İqtisadiyyat
şöbəsinin müdiri), Qaya Əliyev (Hüquq və daxili nəzarət departamentinin müdiri) və b.
Onları da burdan hərəsini bir cür vedrə qoşub uzaqlaşdıracağıq, sən sadəcə onlarla
ünsiyyətdə olma, onlardan uzaq ol”.
Bütün bu baş verənlərin meydana çıxmaması, ört-basdır olunması, “isti izlərin
itirilməsi” üçün Hasil Abbasovun təşəbbüsü ilə Elnur Səfərli mənim əmək müqaviləmə
müdddətinin başa çatması əsası ilə xitam verdi.
Hal-hazırda aylardır ki, işsiz, qazancsız, himayə etməli olduğum valideynimin
himayəsində çıxılmaz vəziyyətdə yaşamaqdayam. Məruz qaldığım bu istismar,
haqsızlıq və qanunsuzluqlar nəticəsində həyata, yaşamağa bütün ümidlərimi itirdim.
Başa düşdüm ki, bu uğrunda canımı, qanımı fəda etməyə hazır olduğum, dəfələrlə
uğrunda ön cəbhədə ölümlə üz-üzə gəldiyim bu vətən sən demə bizim yox, Hasil
Abbasov, Elnur Səfərli kimilərin imiş, onlar bu vətəndə ağa, biz isə kölə imişik.
Başa düşürəm ki, vətən qarşısında 1 illik icbari hərbi xidmətini belə etməkdən
yayınmış, “dezertir” Elnur Səfərli hardan biləcəkdi oddan-alovdan keçmiş, həyatını
təhlükəyə atmış bir vətən fədaisinin, müharibə veteranının dəyərini?
Görün bir məmurun qudurğanlığına, harınlığına və acgözlüyünə baxın ki, aylarla
işçini, özü də müharibə veteranını onun maddi vəziyyətinin ağır olmasından və işə
möhtac olmasından sui-istifadə edib aylarla gec-gündüz şəxsi keyfin, zövqün və əyyaş
həyat tərzin üçün istifadə edəsən, bununla yanaşı dövlətin avtomobilini, dövlət
büdcəsinin vəsaiti hesabına alınan yanacağı bu məqsədlə istismar edəsən və bütün
bunlar ifşa olunarkən özünü sudan quru çıxarmaq üçün bir vətəndaşın çörəyinə, iş
yerinə bais olasan.
Sizdən bir keçmiş hərbi qulluqçu, bir müharibə veteranı, bir vətəndaş kimi xahiş
edirəm ki, şikayətimdə göstərilən halları şəxsi nəzarətinizə götürəsiniz və mənim işə
bərpa olunmağıma, işlə təmin edilməyimə köməklik göstərəsiniz.
Biz döyüş anında, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “həqiqət
anında” vətəni, dövləti canımızla, qanımızla xarici düşmənlərdən qoruduq, sinəmizi
sipər etdik, indi növbə dövlətimizindir, ümid edirəm ki, dövlətimiz bizi belə daxili
düşmənlərdən qoruyacaq.
Ümid edirəm ki, uğrunda canımızı fəda etdiyimiz bu dövlət bizi haqsızlıq,
ədalətsizlik, harın məmur özbaşınalığı, yoxsulluq, işsizlik qarşısında aciz
buraxmayacaq…”