Cəmiyyət

Ermənistanın müdafiə strategiyası: Boş gözləntilər üçün böyük xərclər – ARAŞDIRMA

Ermənistan Respublikasının 44 günlük müharibədə Azərbaycana məğlubiyyəti ölkənin müdafiə strategiyasına ciddi təsir göstərdi. Bundan sonra Ermənistan müharibə zamanı və ondan sonrakı hərbi əməliyyatlarda itirdiyi hərbi potensialını son üç il ərzində bərpa etmək istiqamətində səylərini göstərməyə başlayıb. Nəticədə 2022-ci ildən 2024-cü ilə qədər müdafiə xərcləri təqribən iki dəfə artırılıb. Bəs, xərclərin artırılması və alınan silahlar Ermənistanın hərbi qüdrətini artırmaq üçün kifayət edəcəkmi?

“Report” Ermənistanın məğlubiyyətdən sonra müdafiə strategiyasının gücləndirilməsinə yönələn cəhdləri, bu cəhdlərin məqsədləri barədə araşdırma aparıb.

2022-ci ildə Ermənistan Müdafiə Nazirliyinə (MN) ayrılan 345,5 milyard dram (719,8 milyon ABŞ dolları) 2023-cü ildə 517,3 milyard drama (1,28 milyard ABŞ dolları), 2024-cü ildə isə 550 milyard drama (1,38 milyard ABŞ dolları) çatdırılıb. 2021-ci ildə isə bu rəqəm 311,7 milyard dram (638,7 milyon ABŞ dolları) təşkil edib. Ümumiyyətlə 2022-2024-cü illər arasında Müdafiə Nazirliyinə 3,38 milyard ABŞ dolları vəsait ayrılıb.

Bu il Ermənistanın müdafiə sektoruna ayırdığı xərclər 2023-cü illə müqayisədə 7 % çoxdur və ÜDM-in 5,5 %-ni təşkil edir. Ötən il isə müdafiə xərclərinin ÜDM-də payı 4,1 % olub. Ancaq qeyd etmək lazımdır ki, Ermənistanın müdafiə xərclərini artırması və yeni silahlar alması, onların hərbi gücünü əhəmiyyətli dərəcədə artıracağı mənasını vermir. Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı zəfər, Ermənistanın hərbi texnika və strateji hazırlıq baxımından nə qədər geri qaldığını açıq şəkildə göstərdi. Bu məğlubiyyət, Ermənistanın müdafiə strategiyasının zəifliyini ortaya qoydu və onların müdafiə qabiliyyətlərini yenidən nəzərdən keçirməsinə səbəb oldu. Ermənistanın yeni silahlar və texnologiyalar almağa böyük məbləğdə vəsait xərcləməsinin təsiri qısamüddətlidir. Azərbaycanın hərbi qüdrəti və regionda artan təsiri, Ermənistanın bu cəhdlərinin uzunmüddətli perspektivdə nəticəsiz qalacağını göstərir. Azərbaycanın müdafiə sektoru və hərbi potensialı, Ermənistanın hər hansı bir hərbi təxribatına qarşı cavab vermək üçün kifayət qədər güclüdür.

Ermənistanın 2 dəfə artan müdafiə xərcləri Azərbaycanın bu sahəyə yönələn xərcləri yanında çox azdır. Bu səbəbdən hərbi güclərin balanslaşdırılması istiqamətində atılan addımlar boş səylərdən başqa bir şey deyil. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbyacanda müdafiə və milli təhlükəsizlik xərcləri 3,05 milyard manat (1,7 milyard ABŞ dolları) təşkil edib. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, müdafiə və milli təhlükəsizlik, hüquqmühafizə sahəsində islahatların davam etdirilməsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müdafiə, təhlükəsizlik və hüquq mühafizə üzrə əsaslı xərclər üçün, o cümlədən ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və maddi-texniki təminatın yaxşılaşdırılması üzrə xərclər əlavə olaraq 700 milyon manat artırılıb. Yenidən baxılmış 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 7,13 milyard manat (4,2 milyard ABŞ dolları) nəzərdə tutulur. 2023-cü ildə isə bu istiqamətdə 5,9 milyard manat (3,4 milyard ABŞ dollarından çox) xərclənib.

44 günlük müharibədən Ermənistanın çıxardığı dərslərdən biri də silah alışının şaxələndirilməsidir. Müharibəyə qədər silah alışında əsas diqqətini Rusiyaya yönəldən Ermənistan aldığı ağır məğlubiyyətindən sonra Fransa və Hindistanın da qapısını döyüb. Ümumiyyətlə, 2022-2024-cü illər arasında xüsusilə Hindistan və Fransadan silah və hərbi texnikanın alınmasına sərf edilən maliyyə vəsaiti də maraq doğurur. Belə ki, bu sahəyə sərf edilən maliyyə vəsaitlərinin təhlili onu deməyə əsas verir ki, həmin rəqəm təqribən 1,5-2 milyard ABŞ dolları arasında dəyişir. Qeyd etmək lazımdır ki, 2024-2025-ci maliyyə ilinin əvvəlinə Ermənistan yalnız Hindistandan 600 milyon ABŞ dolları məbləğində silah və hərbi texnika alıb. Son 3 il ərzində sifariş verilən silah və texnikanın növü və təxmini maddi dəyəri aşağıdakı kimidir:

2022-ci ildə Hindistanın “Kalyani Strategic Systems Limited” şirkətinin istehsalı olan 155,5 milyon ABŞ dolları dəyərində “MArG 155-BR” özüyeriyən haubitsa və “ATAGS” dartınan artilleriya qurğusu;
2022-ci ildə Hindistanın “Solar Industries India Limited” şirkətinin istehsalı olan 265 milyon ABŞ dolları dəyərində “Pinaka Mk-1” reaktiv yaylım atəş sistemləri;
2023-cü ildə Hindistanın “Bharat Dynamics Limited” şirkətinin istehsalı olan 600-720 milyon ABŞ dolları dəyərində “AKASH” zenit-raket sistemləri;
2023-cü ildə Hindistanın “Zen Technologies Limited” şirkətinin istehsalı olan 41,5 milyon ABŞ dolları dəyərində “C-UAS” anti-dron sistemləri;
2023-cü ildə Fransanın “Thales Group” şirkətinin istehsalı olan “Ground Master-200” taktiki radarlar sidariş verilib. Qeyd edək ki, bir radarın qiyməti təqribən 15,7 milyon ABŞ dollarıdır. Ermənistanın 3 ədəd sifariş verdiyini nəzərə alsaq səfarişin ümumi dəyəri təqribən 47,1 milyon ABŞ dollarıdır;
2023-cü ildə Fransanın “Arquus” şirkətinin törəmə şirkəti “ACMAT” tərəfindən istehsal edilən “Bastion” zirehli avtomobillər sifariş verilib. Bir zirehli avtomobilin qiyməti təqribən 400 min ABŞ dolları məbləğində qiymətləndirilir (2017-ci il üçün). 50 ədəd alındığını nəzərə alsaq, bu sifarişin dəyəri 20 milyon ABŞ dollarına bərabərdir;
2024-cü ildə Almanya-Fransa konserni KNDS-ə daxil olan fransız şirkəti “Nexter” istehsalı 155 mm-lik “CEASER” özüyüriyən artilleriya qurğuları sifariş verilib. Bu qurğuların 1 ədədinin qiyməti 4-5 milyon ABŞ dolları civarıdadır. Ermənistanın 36 ədəd sifariş verdiyini nəzərə alsaq bu sifarişin dəyərini təqribən 144-180 milyon ABŞ dolları olaraq qiymətləndirmək olar.
Sadalanmış silah və hərbi texnikanın qiymətlərini toplasaq nəticədə sifarişlərin ümumi dəyərinin təqribən 1,253-1,409 milyard ABŞ dolları arasında olacağını görmək mümkündür. Lakin qeyd etmək lazımdır ki, bununla yanaşı sifariş verilən və maliyyəti açıqlanmayan bəzi silah, hərbi texnika və cihazlar da mövcuddur. Həmçinin, alınan artilleriya və hava hücumundan müdafiə silahları üçün ehtiyat sursatların alınması da zəruridir ki, bu da əlavə vəsait tələb edir. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan Fransadan həmçinin 155 mm-lik mərmilər almağı razılaşdırıb. Hazırda isə 155 mm-lik adi mərminin 1 ədədinin qiyməti Avropa bazarında təqribən 4 350 ABŞ dolları olaraq qiymətləndirilir.

Nəzərə alsaq ki, Fransa Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanı da silahla təchiz edir, bu zaman Ermənistan tərəfindən verilən sifarişlərin də taleyini qeyri-müəyyən hesab etmək olar. Güman etmək olar ki, Fransa Ukrayna qarşısındakı öhdəliyi səbəbindən bu sifarişləri yerinə yetirə bilməyəcək və Ermənistanın silah alışını şaxələndirmək siyasəti puç olacaq.

Onu da qeyd edək ki, Ermənistan Fransanın “Safran” şirkətindən gecəgörmə cihazları, MBDA şirkətindən “Mistral-3” zenit-raket kompleksləri və PGM şirkətinin istehsalı olan snayper silahlarını da sifariş verib. Bunların qiyməti açıqlanmasa da qeyd edək ki, bir ədəd “Mistral-3” ZRK-nın qiyməti 550 min ABŞ dolları civarındadır. Habelə, Hindistanın “Tonbo Imaging” şirkətindən “Spartan-S” termal gecəgörmə cihazları alınıb. Bu cihazlar iyul ayında Ermənistanda keçirilən “Eagle Partner-2024” təlimlərində müşahidə edilib.

Son olaraq qeyd etmək lazımdır ki, qarşıdakı illərdə Ermənistanın silah aldığı ölkələrin arealını, həmçinin silahların növlərini və kalibrlərini artıracağı ehtimal edilir. Yeni növ silahların əsasən taktiki raket, hava hücumundan müdafiə və PUA-lar olacağı ehtimalı yüksəkdir.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün aparılan danışıqlar prosesində mövqeyini gücləndirmək məqsədilə müdafiə xərclərini artırmağa və yeni silahlar alamağa davam edəcək. İstisna edilmir ki, Ermənistanın bu prosesə qeyri-konstruktiv yanaşmasının səbəblərindən biri məhz hərbi balansı bərpa etmək üçün vaxt qazanmaq niyyətidir. Bundan əlavə Ermənistan müdafiə xərclərini artırmaq və yeni silahlar almaqla daxili siyasi vəziyyəti stabilləşdirmək, ictimaiyyətdə təhlükəsizlik hissini yaratmaq istəyir. Lakin, bu cəhdlər Ermənistanın regionda hərbi balansı dəyişdirməsi üçün yetərli olmayacaq.

Paylaş: