Cəmiyyət

Büdcədən qapazladıqları bəs deyilmiş kimi… – TENDER BAZARINDA DA MEYDAN SULAYIR…

“Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynov vəzifəsindən getsə də, sevimli şirkəti hələ də ayaq üstədir. Tribunainfo.az bununla bağlı araşdırma aparıb və maraqlı nəticələr əldə edib.
Qeyd edək ki, Qorxmaz Hüseynov vəzifəsindən qalmaqallı şəkildə ayrılmışdı. Onun ciddi yeyintidə ittiham edildiyi, hətta rəhbəri olduğu qurumda yoxlamaların belə aparıldığı gündəmə gətirilmişdi.
Apardığımız araşdırma nəticəsində isə məlum olub ki, Hüseynov “Azərsu”da özünün sevimli şirkətinin imkanlarından istifadə edib. Belə ki, “TNN” QSC təkcə “Azərsu”nun deyil, bir xeyli əvvəl ləğv edilmi. Meliorasiya və Su Təsərrrüfatı ASC-nin də bir çox tenderlərini udub. Məsələn, “TNN” QSC 2022-ci ildə Zaqatala rayonunun ərazisindəki Tala, Muxax, Qanıx, Katex və digər çaylarda sahilbərkitmə işləri həyata keçirib. Həmin vaxt bağlanılmış satınalma müqaviləsinə əsasən Hüseynovun sevimli şirkəti 1.68 milyon manat alıb.
Amma bu pul birinci mərhələ üçün verilib. Paralel olaraq ikinci mərhələ tikinti işlərinin görülməsi üçün isə əlavə 401 min 239,53 manat ayrılıb.
Amma “TNN” şirkətinə təkcə Zaqatalada deyil, elə Lənkəranda da eyni işləri görmək üçün tender verilib. Bu zaman isə “TNN” şirkəti sözügedən dövlət qurumundan 2 milyon 114 min 871 manat alıb.
Lakin bu da son deyil. “TNN” QSC bu gündə iri tenderlərdə iştirak edir və əsasən dövlət qurumlarının işlərini görən tərəf kimi çıxış edir. Məsələn, TNN şirkəti bir neçə gün əvvəl ƏƏSMN-in keçirdiyi 870 min manatlıq tenderin qalibi olub. Belə ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin xarici su təchizatı və kanalizasiyası üzrə tikinti işlərin satın alınması üçün bu qədər pul xərclənəcək.
Tribunainfo.az şirkətin rəhbəri ilə də bağlı araşdırma aparıb. Məlum olub ki, şirkətin qanuni təmsilçisi Natiq Kərimovdur. Kərimovun Qorxmaz Hüseynovun ən yaxın adamı olduğu, elə “TNN” şirkətinin də keçmiş “Azərsu” prezidentinə məxsus olduğu bildirilir.
Bundan başqa, “TNN” şirkətinin tenderləri udması da təsadüfü olmayıb. Hər dəfəsində Hüseynovun “sehirli əli” şirkətin arzu və istəklərini reallaşdırıb. Elə bu gün də “Azərsu”nun keçmiş rəhbərinin həmin “əli” şirkətin işinə yaramaqda davam edir.

Paylaş: