“Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur”.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı keçirdiyi qəzadan sonra komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında paylaşıb.
T.Gülalıyev bildirib ki, son 2 gündə Oqtay Gülalıyevin qızdırması olmayıb: “Nəfəs alması da yaxşılaşıb. Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir”.
Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.
Oqtay Gülalıyev hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerikan” xəstəxanasında müalicə alır. O.Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.