Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlünün rəhbərlik etdiyi “Orion Global” MMC (VÖEN – 1005080711) barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatına verilib.
Bildirək ki, məhkəmə iddiası müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqəli olaraq qaldırılıb. “Orion Global” MMC barəsində iddia 2017-2023-cü illərdə bu şirkətdə Məsləhət Şurasının üzvü olmuş Ahmet Haluk Ucucu tərəfindən irəli sürüb. Haluk Ucucu qida sektorunda fəaliyyət göstərən tanınmış şirkətlərdə – “Nestle Turkey”, “Danone” və “Atropatena”da yüksək vəzifələrdə işləyib.
Qeyd edək ki, barəsində iddia qaldırılan “Orion Global” MMC Səlim Müslümovun nazir vəzifəsində işlədiyi dövrdə – 23 noyabr 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A ünvanında dövlət qeydiyyatına alınıb. Eyni ünvanda Səlim Müslümovun oğlanları – Turqay və Asim Müslümlü qardaşlarının rəhbərlik etdiyi başqa şirkətlər də qeydiyyata alınıb.
Turqay Səlim oğlu Müslümlü “Orion Global” MMC, “Orion Construction” MMC və “Orion Cars” MMC-nin qanuni təmsilçisi, Asim Səlim oğlu Müslümlü isə “Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisidir.
Ötən ilin avqust ayında dövlət büdcəsinə böyük həcmdə – 102 min manatdan çox vergi borcu olan “Orion Global” MMC-nin hazırda (9 avqust 2024) 6 min 163 manat 93 qəpik vergi borcu var.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.