Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısı açıqlanandan sonra aydın oldu ki, altıncı çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin seçki dairəsi dəyişib.
Dia-az.İnfo xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) onun deputatlığa namizədliyini bu dəfə 57 saylı Xaçmaz şəhər dairəsindən irəli sürüb. Xatırladaq ki, Ağalar Vəliyev ötən parlament seçkisində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilib.
Əslən Yevlax rayonundan olan Ağalar Vəliyevin hələ zamanında 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilməsi belə yetərincə şübhəli idi.
İndi isə onun namizədliyi Xaçmazdan verilib. Və yerli xaçmazlılar bilmərrə şəkildə onun namizədliyinə qarşıdırlar və dəstəkləmirlər.
Dia-az.İnfo bildirir ki, bunun növbəti sübutu “Xaçmazlılar” sosial qrupundakı paylaşımda qeyd olunub. Belə ki, konkret ad çəkilməsə də, həm də Ağalar Vəliyevin əleyhinə olan bu çağırışda xaçmazlılar öz həmyerlilərinə səs verməyə çağrılır.
Çağırışda deyilir:
“Əziz və dəyərli Xaçmazlılar. Bildiyiniz kimi 57 saylı Xaçmaz şəhər seçki dairəsindən 8 namizəd qeydə alınıb. Filankəs təyin edilib, filankəs deputat olacaq deyə bir şey yoxdur. Xalq öz namizədini özü seçəcək bu dəfə. Çünki qarşıda dünya əhəmiyyətli COP29 layihəsi var. Dünyanın gözü bizdə olacaq bu seçkilərdə. O üzdən hər bir Xaçmazlı seçdiyi namizədə səs verməlidir. Bu həqiqətən mühim məsələdir. Bu günə kimi ancaq bir partiyadan namizədlər olub bizdə. Eyni partiyanın adamları da seçilib bizi veclərinə almayıb. O üzdən biz Xaçmazlıların gedəcək bir yeri olmayıb. İndi hər şey öz əlimizdədir. Ya seçib qalib gələcəyik. Ya da yenə də inamsız yanaşıb passiv olub, hər şeyə biganə yanaşaraq kənardan baxa qalacağıq. Seçim öz əlimizdədir. Gələcəyimiz üçün addım atmalıyıq. Xalqın səsi olan birinə səs verməliyik. Əsas odur kənardan gələn deyil öz Xaçmazlımız seçilsin . Özümüz seçək və özümüz də tələb edək…”