Milli Məclisə seçkilərin keçirilməsi yaxınlışdıqca, deputat mandatlığının şirinliyin dadmaq istəyən şəxslərin sayı da getdikcə çoxalır.
Sözsüz ki, belə şəxslər, adətən, qazanacaqları təqdirdə, 5 illik parlamentarilik dönəmində seçildiyi dairədə yaşayan insanların yox, əksinə, öz mal-dövlətinin arıtrılmasının qeydinə qalmağı özləri üçün prioritet hesab edirlər.
Parlament seçkiləri ilə bağlı başlatdığı qalmaqallı şəxslərlə bağlı rubrikamızın bugünkü “qonağı” da isə 112 saylı Zaqatala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyi irəli sürülən, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur.
15 fevral 2006-25 iyun 2009-ci illərdə Zaqatala rayonuna, 25 iyun 2009–2 sentyabr 2015-ci illərdə isə paytaxtın Səbail rayonuna rəhbərlik etmiş A. Əsgərovun fəaliyyətinə nəzər saldıqda onunla bağlı heç də yaxşı nüanslarla rastlaşmadıq.
18 ildir icra başçısı kreslosunu buraxmaq istəyən Asif Əsgərov, yəqin ki, ona hakim partiyada etimadın azalmasını görərək, bu dəfə də bəxtini Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə namizəd olmaqda sınamaq niyyətinə düşüb.
Qeyd olunur ki, əgər A. Əsgərov parlamentə yol tapa bilsə, Nəsimi rayonuna 6-cı çağırış Milli Məclisin deputatı olan məşhur isimlərdən birinin başçı təyin ediləcəyi gözlənilir.
Maraqlısı budur ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun icra başçısı Asif Əsgərov adı da digər icra başçısı həmkarları kimi vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə gəlib.
Qısa araşdırmadan məlum olur ki, cənab Əsgərov 2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmiş və Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda “məlumatsız olduğunu” bildirmişdi.
Bundan öncə isə stajlı icra başçısı oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Onun oğlu ilə bağlı saytların birində gedən yazını oxucularımıza təqdim edirik:
“2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev isə dünyasını dəyişmişdi. S. Mirzəyev “McDonald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.
İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli “səhhəti ilə bağlı” azadlığa çıxmışdı.
İ. Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı”, – deyə məlumatda qeyd olunub.
Hətta iddialardan biri də budur ki, cənab Əsgərov oğlunu həbsdən qurtarmaq üçün altına yığdığı 1 milyon AZN-i onun yolunda qurban edib.
Lakin buna baxmayaraq, Asif Əsgərov təkcə oğlunun törətdiyi avtoqəza ilə gündəmə gəlməyib. İcra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını “yaşıl soyqrım”da ittiham ediblər.
Onun bu “məharəti” ilə bağlı isə yazılanları olduğu kimi təqdim edirik:
“İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satırdı. Dəfələrlə sakinlər bu ağac qırğınına etiraz etsələr də icra başçısı etirazlara məhəl qoymurdu.
Ümumiyyətlə, icra başçısı Asif Əsgərovun ən biabırçı, rəzalət dolu fəaliyyəti professorla olan yüz minlik rüşvət qalmaqalıdır. Bəli, söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevlə icra başçısı Asif Əsgərov arasındakı 300 min rüşvətdən gedir. Məlumat üçün qeyd edək ki, bütün sənədləri qaydada olan Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını icra başçısı sökdürmüşdü. Daha doğrusu, Asif Əsgərov 20 nəfər cüdoçu-qoçunu əraziyə göndərmişdi. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan etdi ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir. Bu hadisə başqa bir ölkədə olsaydı, icra başçısını dərhal həbs edərdilər.
Onu da qeyd edək ki, söhbət 1 sot torpaqdan gedir. İndi hesablayın görün Asif Əsgərov Nəsimi rayonu ərazisində minlərlə sot torpaq satıb nə qədər qazanıb…
Bunlar Asif Əsgərovun əməllərindən bircə “damcı”dır. Asif Əsgərovun əməlləri barədə deputat Adil Əliyev də bir müddət əvvəl açıqlama vermişdi. Açıq şəkildə demişdi ki, rayon ərazisində obyektə qapı açmaq üçün icra başçısı 10 minlərlə rüşvət istəyir.
Gələk, məsələnin əsas tərəfinə. 18 illik icra başçılığı fəaliyyəti dövründə yaşadığı əraziyə bir qara qəpik də verməyən cənab Əsgərovun deputat olmaq ehtirası nədən qaynaqlanır? YAP-ın sıralarından Zaqataladan deputat seçilmək istəyən A.Əsgərov 3 il rəhbərlik etdiyi Zaqatalanın niyə yenidən günün qaraltmaq istəyir? Axı bu xalq Asif müəllim kimi icra başçılarının fəaliyyətindən nə görüb ki, indi də gedib ona səs versinlər? Suallarımız çoxdur.
Yəqin ki, Asif müəllim bu suallara normal cavab tapa bilər…(yenicağ.az)