69 saylı Biləsuvar Dairə Seçki Komissiyasından (DSK) bitərəf kimi namizədliyini irəli sürmüş Nurlan Mirəli ötən seçkilərdə həmin dairədən mandat almış, hazırda isə namizəd olan Bəhruz Məhərrəmovun qanun pozuntusuna yol verdiyini deyir.
Bu barədə Nurlan Mirəli sosial media hesabında fotoşəkil paylaşıb.
O qeyd edib ki, Bəhruz Məhərrəmov Seçki Məcəlləsini kobud şəkildə pozub və onunla bağlı hüquqi tədbirlər görülməlidir:
“69 saylı Biləsuvar DSK-dan namizəd və hazırda Biləsuvarın təyin olunmuş deputatı Bəhruz Məhərrəmov kobud qanun pozuntusuna yol verib, birbaşa Seçki Məcəlləsinin tələbini pozub. Qanunla namizədin posterinin və plakatının aşağı hissəsində mətbənin, sifarişçinin və tirajın sayını qeyd edilməlidir, amma Bəhruz Məhərrəmov bunu etməyib”.
Onun sözlərinə görə, DSK da namizədin bu qanunsuzluğuna göz yumub: “DSK buna göz yumub, heç bir tədbir görməyib. Mən dünən aşkarladıqdan və fotolar çəkdikdən sonra bu gün tezbazar hər yerdə posterləri dəyişirlər”.
Nurlan Mirəli “Arqument.az”a deyib ki, baş verən qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət edəcək və Bəhruz Məhərrəmovun namizədliyinin ləğvini tələb edəcək:
“Bu qanun pozuntusu namizədliyin ləğvini nəzərdə tutur və sabah bununla bağlı Mərkəz Seçki Komissiyasına müraciət edəcəyəm. Sübut olaraq demək olar ki, bütün məntəqələrdə videoçəkiliş və şəkillər var”.
Mirəli “Arqument.az”a onu da qeyd edib ki, bu məsələni hüquqi müstəvidə sona qədər davam etdirəcək.
Bəs qanun nə deyir?
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 87.3-cü maddəsinə görə, “seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır”.
Həmçinin Məcəllənin 87.4-cü maddəsində deyilir: “Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir”.
Daha sonra Məcəllənin 87.5-ci maddəsində qeyd olunur ki, “seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla yayılması qadağandır”.
Bəs Dairə Seçki Komissiyası nə etməlidir?
Məcəllənin 87.9-cü maddəsinin tələbinə görə, saxta seçkiqabağı çap, audiovizual və digər təşviqat materiallarının və ya bu Məcəllənin 87.3-cü, 87.4-cü, 87.7-ci, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat materiallarının yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına və digər orqanlara qanunazidd təşviqatın dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat materiallarının götürülməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və ya Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.
Bəhruz Məhərrəmov qanunu bilmir?
Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.
2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
3 kitab, 7 tədris proqramı, 30-dan artıq elmi məqalənin müəllifidir.
İxtisasca hüquqşünas və həmçinin Vəkillər Kollegiyasının üzvü olan Məhərrəmovun Seçki Məcəlləsindən xəbərsiz olması anlaşılan deyil. Görünür, daha çox siyasi açıqlamaları ilə gündəmə gələn deputat qanunları oxumur və ya bu addımları bilərəkdən edir. Hakimiyyətin yeni kadr kimi təqdim etdiyi deputatın hüquqi bilgiləri bu səviyyədədirsə, onun Milli Məclisdə qəbul olunmuş qanunlara münasibəti və necə səs verməsi də suallar yaradır.
Bu suallara cavab almaq üçünsə Bəhruz Məhərrəmovla əlaqə saxlamaq mümkün olmayıb.