Bakının Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində ağaclar quruyur. Buna səbəb ərazidə ziyanvericilərin artmasıdır. Sakinlərin dediyinə görə, 20 yanvar metrosundan 3-cü mikrorayon istiqamətindəki yaşıllıqlarda bütün tut ağaclarına qurd düşüb. Onlar ağacların gövdəsi və yarpaqlarını yeyir, nəticədə bir müddətdən sonra ağaclar quruyur. Sakinlər ərazidə çəkdikləri görüntüləri də redaksiyamıza təqdim ediblər.
Məsələ ilə bağlı Bakupost.az -a danışan aqronom Mübariz Nədirovun bildirib ki, adətən, tut ağaclarında olan bu cür qurdlar laborator müayinədən keçirilir və onların hansı qurd növünə aid olduğu təyin edilir. Mütəxəssisin sözlərinə görə, yalnız bundan sonra proflaktik tədbirlər görməyə başlayırlar.
M.Nədirovun sözlərinə görə, tut ağaclarının yarpaqlarını yeyən qurdlar əsasən, tut yastıcalarıdır:
“Çox güman ki, həmin ərazidə də əsas zərərvericilır tut yastıcalarıdır. Bu qurdlara qarşı dərmanlama işləri aparılmalıdır. Onları zərərsizləşdirmək üçün yastıcılara qarşı dərmanlardan istifadə edilməlidir. Zərərvericilər dünyanın hər yerində var. Bu gün kənd yerlərində də zərərvericilər çoxalıb. Bu il nəmişlik olduğu üçün onların yayılmalarına münbit şərait yaranıb”.
M.Nədirov zərərvericilərə qarşı dərman alarkən keyfiyyət məsələsinə diqqət edilməli olduğunu bildirib:
“İndi müxtəlif şirkətlər dərmanların tərkibini aşağı salırlar və onun təsiri az olur. Son vaxtlar fermerlər dərmanların təsirinin aşağı olmasından çox şikayət edirlər. Ona görə də dərman alarkən, bu məqama diqqət etmək lazımdır”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovayla əlaqə saxladıq.
O, bu məsələnin ETSN-ə aidiyyatı olmadığını bildirdi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etməyi məsləhət gördü.
Təəssüf ki, dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən suallarımıza cavab ala bilmədik.
Vasif Əlihüseyn
BakuPost