Cəmiyyət

MMC Bakı sakinlərini mühasirədə saxlayır – Fotolar

«GOLD RESİDENCE» MMC Bakı şəhər sakinlərini problemlə üzləşdirib. Bunu Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 28-də yaşayan sakinlər bildirirlər.

Sakinlər “Reytinq” qəzeti vasitəsi ilə aidiyyatı dövlət orqanlarına müraciətlərində yazırlar ki, «GOLD RESİDENCE» MMC Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən 9 mərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini – «Gloriya» gül dükanınadək əsassız və qanunsuz olaraq hasarlayıb. Bu isə bina sakinlərinin və ərazidə yaşayan digər vətəndaşların gediş-gəlişini çətinləşdirir, xüsusən də yaşlı insanlara və uşaqlara ciddi problemlər yaradır.

Sakinlər bildirir ki, son vaxtlar bəzi işbazların yaratdığı süni maneələrə görə gediş-gəlişləri çətinləşib: “Təxminən 20 gündür ki, Fətəli Xan Xoyski prospektinə çıxışımız «GOLD RESİDENCE» MMC tərəfindən qanunsuz olaraq bağlanıb. «GOLD RESİDENCE» MMC tərəfindən istismar vaxtı keçmiş yataqxana binalarının söküntüsü həyata keçirilir. Həmin şirkət yataqxanalar yerləşən əraziləri hasara alaraq söküntü işlərinə başlasa da, hasarı Fətəli Xan Xoyski prospekti, 128 ünvanında yerləşən yataqxanadan əlavə Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinə də şamil edib. Yəni oradakı yaşıllıq qarışıq «Gloriya» gül dükanınadək qanunsuz hasarlama işləri aparıb. Bununla həmin MMC bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışını qanunsuz olaraq bağlayıb”.

Sakinlərin sözlərinə görə, «GOLD RESİDENCE» MMC-nin Elnur adlı işçisi şikayətlərinə cavabında bildirib ki, guya ölkədə keçiriləcək COP29 tədbiri ilə bağlı söküntü ərazisinə aid olmayan Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini də bağlayıblar. Lakin o, izah edə bilməyib ki, nəyə görə Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən söküləcək yataqxananın sol tərəfi, yani orada fəaliyyət göstərən otelin qarşısı hasarlanmayıb, amma yataqxananın sağ tərəfində yerləşən 9 mərtəbəli binanın qarşısı hasara alınıb. Hansı ki, həmin oteldə heç 3-5 adam qala-qalmaya, amma 9 mərtəbəli binada 84 mənzil var.

Sakinlər «GOLD RESİDENCE» MMC-nin əməlini qanunsuz hesab edirlər:

«GOLD RESİDENCE» MMC-nin işçiləri bizim binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinin qarşısını da yaşıllıqla birlikdə qanunsuz olaraq hasara alıblar. Söküntü işlərini aparan şirkətin Elnur adlı işçisi qeyri-rəsmi olaraq bina sakinlərinə deyib ki, guya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş müvafiq layihədə yaşıllığın da söküləcəyinə qərar verilib”.

Sakinlər problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət ediblər. Hər iki qurumdan bildiriblər ki, Aşıq Molla Cümə küçəsində inşa edilmiş 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsi, oradakı yaşıllıq və «Gloriya» gül dükanı söküntü və tikinti ərazisinə düşmür, həmin yaşıllığın və gül dükanının söküləcəyi planlaşdırılmayıb. Buna görə də «GOLD RESİDENCE» MMC tərəfindən söküləcəyi planlaşdırılan Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən yataqxananın sağ tərəfində yerləşən «Gloriya» gül dükanınadək ərazinin hasarlanması qanunsuzdur. Sakinlərin iddiasına görə, çox güman ki, «GOLD RESİDENCE» MMC-nin rəhbərliyi binalarının yanındakı yaşıllığa da göz dikib.

Sakinlər «GOLD RESİDENCE» MMC-nin hərəktləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat veriblər:

“İmkan vermək lazım deyil ki, bəzi işbazlar COP29 tədbirini bəhanə gətirərək şəhərimizi və onun sakinlərinə qarşı yuxarıda göstərdiyimiz qanunsuz əməllərə yol versinlər, bu dövlət tədbirindən öz çirkin əməlləri üçün istifadə etsinlər”.

Sakinlər müraciətlərinin sonunda aidiyyəti dövlət qurumlarından xahiş edirlər ki, cavabdeh şəxslər cəzalandırılsın, onların qanunsuz çəkdiyi hasar sökülərək yalnız müvafiq plana uyğun olaraq nəzərdə tutulmuş söküntü-tikinti ərazisinə çəkilsin.

Reyting.az «GOLD RESİDENCE» MMC rəhbərliyinin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Onu da qeyd edək ki, sökülməsinə başlayan yataqxana sakinləri də sosial şəbəkələrdə «GOLD RESİDENCE» MMC-ni qanunsuzluqda ittiham edirlər.

Reytinq

Paylaş: