Xəbər

“Ermənistanla Azərbaycan arasında gərginlik artır, Putin…” – Rusiyadan mesaj

İkinci Qarabağ Maharibəsinin bitməsindən dörd il keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan hələ də anlaşmaya yaxın deyil.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Putin Moskvanın İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu deyəndə, əslində Bakı və İrəvanı Moskvanın danışıqlar platformasına qayıtmağa çağırır. Bakı buna qarşı deyil. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirdi ki, Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün əlverişli platformadır. İrəvana gəlincə, Rusiya platformasını boykot edərkən, Avropa və Amerika platformalarına üstünlük verir. Nəticədə tərəflər Moskva platformasından ayrılaraq, Qərbdə önəmli diplomatik marafonu başa vurdular, amma yenə dalana girdilər”, – Tarasov bildirib .

Onun sözlərinə görə, İrəvanda Moskvanın Bakının, Azərbaycanda da Qərbin Ermənistanın tərəfində oynadığı güman edilir: “Bu vəziyyətdə tərəflər vasitəçilərsiz danışıqlar apara bilərdi, amma məsələlər çoxşaxəli və mürəkkəbdir. İkinci Qarabağ Müharibəsinin bitməsindən dörd il keçsə də, hələ də hər şey yolunda deyil”.

Ekspert əlavə edib ki, Bakı və İrəvanın önündə Ermənistan konstitusiyasına dəyişiklik və sərhəd kimi problemlər var:

“Üstəgəl, gözlənilmədən danışıqlar prosesini pozan bəzi yeni fikirlər ortaya çıxır. Ona görə də, yenidən iki ölkə arasında gərginliyin artması təsadüfi görünmür”.

Tarasovun fikrincə, İrəvan və Bakının Moskva platformasına qayıtması hadisələrin gedişatını tamam başqa məcraya çevirə bilər:

“Putin əlavə kənar müdaxilə olmadan dalana dirənmiş danışıqlar prosesini bərpa etməyi təklif edir. Amma İrəvan regionda siyasi və geosiyasi qüvvələrin balansının dəyişə biləcəyinə inanaraq nəyisə gözləməkdə davam edir. Belə bir vəziyyətdə Putinin Bakıya son səfəri və Əliyevlə şəxsi təması xüsusi önəmə malikdir. Bu mənada Paşinyanla Putin arasında mümkün görüş gündəmə gətirilir, amma danışıqlar prosesini gecikdirən Paşinyan hələlik “uyğun fürsət” gözləyir. Qərb kuratorlarına arxalanan Paşinyana bu lazımdırmı?”.

Paylaş: