Cəmiyyət

Kəlbəcər sakinləri üçün tikilən evlərin – Fotoları

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır.

Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.

Dövlət başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.

Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.

Diqqətə çatdırılıb ki, ikinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Paylaş: