Cəmiyyət

“Hərşeyşünas” şirkət: “KM SERVİCES” mal alır, yol çəkir, sarğı satır… – DETALLAR

Azərbaycanda “tender kralı” olan şirkətlər az deyil. Bunu müəyyən etmək üçün rəsmi saytlara baxmaq kifayət edir. Bir də internet axtarışları zamanı boy-boy düzüldüklərini görmək olar.
Tribunainfo.az xəbər verir ki, belə şirkətlərdən biri “KM SERVİCES” MMC-dir. Bu şirkətin nə zaman yarandığı barədə məlumat yoxdur. İnternet resurslarında isə yalnız baş mühasib Dinar Mustafayevin adı keçir. Amma onun da haqqında geniş məlumat yoxdur.
Sözügedən şirkət son 3 gündə iki tender udub. Onlardan biri Mingəçevir Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə bağlanmış satınalma müqaviləsidir. Həmin müqaviləyə əsasən MMC MKTB üçün 2024-cü ildə mal-materialların satınalınmasını həyata keçirməlidir. Buna görə isə şirkətə 215.266,37 manat ödəniləcək.
Amma şirkət ölkənin bu başında satınalma işlərini həyata keçirdiyi bir vaxtda, ölkənin o biri başında, yəni Naxçıvanda yol çəkməyi üzərinə götürüb. “Culfa” Yol-Təmir İstismar MMC ilə bağlanılmış satınalma müqaviləsinə də tikinti mal-materialları almalıdır. Buna görə isə 254.181,01 manat ödəniş alacaq. Sonradan məlum olub ki, bu şirkət həm də Culfada yol çəkəcək.
Lakin “KM SERVİCES” təkcə yol çəkib, tikinti materialları almaqla kifayətlənmir. O, həmçinin elektrik malları bazarında da “gücünü” sınamağa başlayıb. Düzdür, bu proses iki il öncədən start götürsə də, kiçik tenderlərə qatılmır. Şirkətin hələ bir müddət əvvəl “Bakı Metropoliteni” ilə bağladığı müqavilədən də bu aydın görünür. Məsələ belədir ki, “KM SERVİCES” MMC metropoliten üçün elektrik mühərrikləri üçün sarğı materialların satın alınmasını reallaşdırıb. Bu zaman şirkətə 133 008.96 manat verilib.
Bir şirkətin eyni vaxtda üç müxtəlif işlə məşğul olması hər nə qədər inandırıcı görünsə də, bir o qədər də təəccüblüdür. Bizim ölkəmizdə bu işi bacara biləcək MMC-lərin sayı barmaqla sayılacaq qədərdir. Hətta iri şirkətlər, holdinqlər belə eyni vaxtda bir neçə işi görməkdən çəkinirlər. Amma “KM SERVİCES” üçün bunu demək çox çətindir. Çünki şirkət sözün həqiqi mənasında “hərşeyşünas”dır. Yoxsa, Mingəçevirdə mal materail alıb, Culfada yol çəkib, metropolitenə də sarğı satmaq hər şirkətin “hünəri” deyil.(Tribunainfo.az)

Paylaş: