Bir çox sahədə olduğu kimi, kənd təsərrüfatı sahəsində və heyvandarlıqda da bahalaşmanın şahidi oluruq. Heyvandarlıqla məşğul olanlar uyğun qiymətə örüş yeri və ot presi tapmaqda çətinlik çəkirlər. Bu da heyvandarlığa, dolayı yolla ət qiymətlərinə təsirsiz ötüşmür. Heyvandarlıq üçün Azərbaycanda ən münasib örüş yerləri haradır və bu ərazilərdə otlaqların qiyməti nə yerdədir? Kənd təsərrüfatı bazarında ot preslərinin qiymətini formalaşdıran amillər hansılardır? Heyvandarlıqla məşğul olan fermerlərə ot preslərinin alınmasında dövlət tərəfindən xüsusi yardım göstərilirmi? Kənd təsərrüfatı üzrə ekspert Akif Nəzirli Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. “Heyvandarlıqla məşğul olan əhaliyə, fermərlərə hökumət tərəfindən demək olar ki, subsidiya verilmir. Subsidiya verilməsi üçün hər bir heyvanın sistemdə qeydiyyatı vacibdir. Burada qeydiyyat əsas şərtdir. Qeydiyyatda isə ölkədə olan heyvanların heç 20 faizi yoxdur. 20 faizə qədəri sistemdə qeydiyyatdan keçib. Yəni hökumət yalnız qeydiyyatdan keçmiş həmin heyvanlar üçün subsidiya ayıra bilər. Hansı ki, onun da hamısına subsidiya vermir. Qalan ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların 80 faizi həmin qeydiyyatdan keçməyib. Digər tərəfdən, ot preslərini bahalaşdıran amillərdən biri torpaq sahələridir. Həmin torpaq sahələrinə əsasən, yonca əkilir. Yonca elə bir bitkidir ki, bir dəfə əkilir və 3-4 il müddətində özü yetişir. Bunun üçün də suvarma sisteminin olması zəruridir. Otun biçilməsi, daşınması və bağlanması yonca presinin qiymətini formalaşdıran amillər sırasında gəlir. Həmçinin, onu da qeyd edək ki, bu il hava qeyri-sabit keçdi və yağıntı çox oldu. Yonca yeni biçildikdən sonra sahəyə yağıntı düşürsə, onun keyfiyyətini 70-80 faizi itir və o, sıradan çıxmış hesab olunur. Ona görə də, otun məhsuldarlığı da aşağı düşür və bazarda ot qıtlığı yaranır. Ot təklifi bazarda tələbatdan az olduğuna görə maya dəyərindən əlavə, bazarın da qiymətin formalaşmasına təsiri var. Yəni təklif tələbi üstələyə bilmirsə, bazara az məhsul çıxırsa, bu, bahalaşmaya gətirib çıxarır. Hal-hazırda bir yonca kipinin qiyməti 4-5 manatdır, amma irəliləyən aylarda 7-8 manatadək bahalaşa bilər. Azərbaycanın ən yaxşı örüş yerləri işğaldan azad olunmuş Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və digər ərazilərdir. Gədəbəy, Qazax-Tovuz zonaları, və Balakən rayonunda xeyli örüş yerləri var. Amma əvvəllər aran rayonlarında da kifayət qədər otlaq sahələri var idi. Çox təəssüf ki, bələdiyyənin sərəncamında olan örüş yerləri və münbit torpaqlar tamamilə əkin altına verilib. Buralarda demək olar ki, örüş yerləri artıq mövcud deyil. İndi qeyri-qanuni olsa da, meşələrdə iri və xırdabuynuzlu heyvanlar otarılır. Bu da təbii ki, qiymətlərə təsir edir. Qeydiyyatsız ödənişlər edirlər. Bunun müqabilində də meşəlik ərazilərdən örüş yeri kimi istifadə olunur. Ancaq məndə hal-hazırda örüş yerlərinin qiymətləri haqda konkret rəqəmlər yoxdur. İşğaldan azad olunmuş ərazilərdə isə örüş yerləri satılmır. Sadəcə heyvanların keçidində portal qeydiyyatı var, onun xərcləri var. Məsələn, xırdabuynuzlu hər bir heyvan üçün bir manat vəsait ödənilir. Hal-hazırda ölkənin kənd təsərrüfatı sahəsində ən problemli yerlərindən biri örüş sahələrinin olmamasıdır. Örüş sahələri yetərli olmadığına görə heyvandarlıq bu vəziyyətdən ciddi mənfi təsirini görür” – deyə, mütəxəssis əlavə edib.