Cəmiyyət

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi

“Conco” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı İlham Şıxseyidov cərimələnib.

Dövlət Əmək Müfəttişliyi Xidməti İlham Şıxseyidova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

Bu maddə əmək qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

İlham Şıxseyidov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib.

“Conco” QSC 3 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 000 manatdır. Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Şirkət ötən il Elm və Təhsil Nazirliyinin 18 milyonluq tenderinin qalibi seçilib. Tender Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı olub. Bundan bir il əvvəl isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə 8 yaşayış binasının tikintisi ilə əlaqədar 15 milyon manatlıq tenderin qalibi seçilib.(Oxu.az)

Paylaş: