Cəmiyyət

Özünüməşğulluq üçün verilən heyvanlar niyə xəstə çıxır? – HƏQİQƏTƏN DƏ…

Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən ən çox şikayətlər heyvandarlıqla bağlıdır. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Dövlət Məşğulluq Agentliyinin Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna özünüməşğulluq proqramı çərçivəsində verdiyi 21 baş qoyun xəstə çıxıb.
Qeyd edək ki, dəfələrlə özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə görüntülər, məlumatlar yayılıb. Sputnik Azərbaycan özünüməşğulluq proqramına müraciət edən vətəndaşlara heyvandarlıqla bağlı verilən aktivlərin vətəndaşların məşğulluğuna hansı fayda verdiyini araşdırıb.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narazılıqların bütövlükdə özünüməşğulluq proqramı üzrə bütün aktivləri və zərfləri əhatə etdiyini söyləmək düzgün deyil. Çünki, un məmulatları istehsalı, avtoelektrik xidmətləri, dərzi sexi və sair sahələrlə bağlı vətəndaşlara verilən aktivlər səmərə verir. Hətta elə sahələr var ki, vətəndaşlar özlərinin məşğulluğunu təmin etməklə yanaşı, gələcəkdə kiçik sahibkara çevrilərək işçi götürürlər.
Bununla belə Sahib Məmmədov özünüməşğulluq proqramı çərçivəsində verilmiş bəzi aktivlərlə bağlı təhlilinin aparılmalı olduğunu söyləyib. Bildirib ki, şikayətlər əsasən heyvandarlıq sahəsinə verilmiş aktivlərlə bağlıdır:
“Amma bütün şikayətlər haqlı deyil. Bəzən vətəndaşlar burada da sui-istifadə hallarına yol verirlər. Ona görə də artıq Dövlət Məşğulluq Agentliyi vətəndaşlara özünüməşğulluq üçün verdikləri heyvanların videosunu çəkərək sayta yerləşdirir. Odur ki, bu şikayətlər araşdırılmalıdır. Ölən, xəstə heyvanların bu proqram çərçivəsində verilib-verilmədiyi dəqiqləşdirilməlidir”.

O ki qaldı heyvandarlıqla bağlı aktivlərin səmərə verməməsinə, işsiz vətəndaşın məşğulluğunu təmin etməməsinə, Sahib Məmmədov deyir ki, aktivlər hər bir vətəndaşın istəyi əsasında verilir. Əgər vətəndaşın tövləsi varsa, heyvan saxlayırsa, ona əlavə 20 baş heyvan da verilir ki, təsərrüfatını böyütsün, qazanc əldə etsin.
Deputat Fazil Mustafa da bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən şikayətlərə çox rast gəlinir, bu, birinci hal deyil:
“Mən bu formada məşğulluğun effektli olacağı düşüncəsində deyiləm. İş yerlərinin açılması daha yaxşı olardı. Biz işsizliyin həlli yollarını tapmalıyıq. Özəl sektora güvənməliyik ki, yeni iş yerləri açsınlar. Özünüməşğulluq proqramına xələl gətirən, dövlət siyasətinə etinasızlıq yaradan məmurlarla bağlı isə ölçü götürülməlidir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna Agentlik tərəfindən verilən 21 baş qoyunun xəstə olması, artıq bir neçəsinin isə tələf olması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Agentlikdən bildirilib ki, sözügedən şəxs bir ay öncə “Qoyunçuluq təsərrüfatı” zərfi üzrə aktivlər verilərkən heyvanların sayından və keyfiyyətindən narazı olmadığını yazılı şəkildə bildirib:
“Özünüməşğulluq proqramı üzrə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Bərdə rayon sakini Ağayev İmamqulu avqustun 5-də Qarabağ DOST Mərkəzinə yaxınlaşaraq heyvanlardan birinin öldüyünü bildirib və fotolar təqdim edib. Vətəndaşla maarifləndirici söhbət aparılıb və tələfolma ilə bağlı zəruri sənədləri, ölüm aktı, yarma protokolu, laboratoriya analizinin cavabı və fotoşəkilləri toplamaq tövsiyə olunub”.
Avqustun 23-də isə vətəndaş təkrar müraciət edərək Qida Təhlükəsizliyi Agentliyinin baytarının tərtib etdiyi aktı təqdim edib:
“Aktda qeyd olunub ki, heyvanlar 10 gündən çoxdur tələf olub. Buna görə də ölüm səbəbini araşdırmaq üçün yarma və hər hansı analiz götürmək mümkün olmayıb. Eyni zamanda, sənəddə tələf olmuş heyvanın qulağında “birka” olmadığı bildirilir ki, bu səbəbdən onun özünüməşğulluq proqramı üzrə verilmiş aktivlərə aid olmasının müəyyən edilməsi də mümkün deyil. Beləliklə, vətəndaşın təqdim etdiyi sənədlər natamam olduğu üçün ölən heyvanın əvəzinə yenisinin təqdim edilməsi mümkün olmayıb”.
Xatırladaq ki, Bərdə rayon sakini Ağayev İmamquluya iyulun 25-də Dövlət Məşğulluq Agentliyi tərəfindən 21 baş qoyun verilib. Onun iddialarına görə, heyvanların bir neçəsi xəstələnərək tələf olub.
Qeyd edək ki, özünəməşğulluğun təşkili Dövlət Məşğulluq Agentliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Məlumat üçün bildirək ki, proqramın icrasına başlanıldığı 2017-ci ildə 1172, 2018-ci ildə 6326, 2019-cu ildə 9554, 2020-ci ildə 11 917, 2021-ci ildə 16 232, 2022-ci ildə 16 097, 2023-cü ildə 17 362 nəfər özünüməşğulluğa cəlb olunub.
2024-cü ilin altı ayında Azərbaycada 203,1 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə Dövlət Məşğulluq Agentliyindən bilidirilib. Hesabat dövründə 84,4 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub. Altı ayda Agentlik tərəfindən 8,5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 108,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Paylaş: