Cəmiyyət

Naxçıvan məhkəməsindən ABSURD QƏRAR – NARAZILIQ VAR…

Naxçıvan şəhər Məhkəməsi qadın həmkarını döyüb, sonra da zorlamağa cəhd etməkdə günahlandırılan NTV-nin baş redaktoru G. Əliyevi 480 manat cərimələyib. Hakim Gülsüm Əliyevanın sədrlik etdiyi iclasda zərərçəkən qadın redaktorun iştirakı təmin edilməyib.
Adı çəkilən məhkəmədən “Gündəlik Naxçıvan”a verilən məlumata görə, baş redaktorun yüngül cəza almasına səbəb zorlamağa cəhdi sübut edən kifayət qədər dəlilin olmaması göstərilib. Məhkəmə bunu əsas gətirərək, hadisəni cinayət yox, inzibati pozuntu kimi qiymətləndirib.
Qərar inzibati xətalar məcəlləsinin 157-ci (döymək) və 232.1 ( əmlakı qəsdən məhv etmək) maddələri əsasında çıxarılıb.
Zərəçəkmiş qadın redaktorun qohumları isə məhkəmə qərarından narazı olduqlarını deyirlər:
“Əslində işin kökü Babək rayon Prokurorluğuna gedib çıxır. Hadisə baş verəndən sonra işə ədalətsiz yanaşıb, tərəf saxladılar. Buna görə də iş bağlandı. Hadisə mətbuatda ictimailəşdikdən sonra məcbur qalıb, yenidən araşdırdılar. Bu dəfə də hadisəni cinayət yox, inzibati xəta kimi qələmə verdilər. Guya sübut yetərli deyilmiş. Halbuki kifayət qədər sübutlar var idi. Zərərçəkənin məhkəməyə dəvət olunmaması da işə sərhi yanaşmağın bir sübutudur. Necə olur ki, məhkəmə keçirilir, zərərçəkən dəvət olunmur”.
Qeyd olunan hadisə bu ilin əvvəlində baş verib. Məlumata görə, həmin vaxt G. Əliyev qadın redaktoru şəhər kənarına apararaq, onu döyüb, işgəncə verib, daha sonra zorlamağa cəhd edib. Babək rayon Prokurorluğu isə, təcavüzkar baş redaktoru müdafiə edərək, işi bağlayıb. İyul ayında “Gündəlik Naxçıvan” məsələni gündəmə gətirdikdən sonra, prokurorluq yenidən araşdırmaya başlamışdı. Daha sonra baş redaktor əməkdaşlıq etdiyi digər mətbuat orqanı AZƏRTAC-dan qovulsa da, Naxçıvan Dövlət Televiziyasının (NTV) rəhbərliyi onu işdə saxlamışdı.

Paylaş: