“Qış parkı”na keçmək istəyənlər daş pilləkənə möhtac qalıb – Sadəcə açılış günü işləyən ekskalatorlar…
“Qış Parkı” ərazisindəki eskalatorlar illərdir ki, yararsız vəziyyətdədir. 2013-cü ildə əsası qoyulmuş parkda bu eskalatorların ömrü bir neçə ildən daha çox çəkə bilmədi. İstifadəçilər qeyd edir ki, problemlə əlaqədar bir neçə dəfə gəlib, əraziyə və avadanlıqlara baxış keçirilsə də, ortada ciddi bir nəticə yoxdur. Eskalatorların xüsusilə yağış suyu səbəbindən yararsız vəziyyətə düşdüyü barədə iddialar səslənsə də, bu, ağlabatan görsənmir. Çünki zatən bu avadanlıqların bir hissəsi yeraltı keçiddən bayırda yerləşdiyindən, istehsalçı şirkət dəyişkən hava şəraitini və fəsilləri mütləq nəzərə alır. Yağış suyu səbəbindən yararsız vəziyyətə düşən eskalatorlar ya əvvəldən problemli olub və ölkəyə gətirilən bu avadanlıqlar “ikinci əl” olaraq ölkəyə daxil edilib, ya da ola bilsin, qurğunun dözümlülüyü, baxımı və təmizlənməsi əlavə maliyyə tələb etdiyindən, onun fəaliyyətinə xitam verilib. Təbii ki, bütün bunlar sadəcə fərziyələr, iddialardır. Ancaq niyə hələ də işləməməsi, təmir edilməməsi barədə suallara aidiyyəti qurum və ya qurumlar cavab vermir.
Məlumat üçün qeyd edək ki, 11 il öncə ölkəyə gətirilən və Qış Parkında istifadəyə verilən bu qurğular illərdir çalışmadığı kimi, hətta bəzi yerlərdə əlillər üçün nəzərdə tutulmuş xüsusi qurğular sökülərək, yoxa çıxarılıb. Asudə vaxtını adıçəkilən ərazidə keçirmək istəyən vətəndaşların arasında heç şübhəsiz ki, fiziki məhdudiyyətli insanlar da var. Bununla belə, onların parka gəlmələri, yeraltı keçidlərdən istifadə etmələri demək olar ki, mümkünsüzə çevrilib. Ekskalatorlar uzaq məsafədə yerləşən yol üzərindəki piyada zolaqlarından istifadə etsələr də, parkın ətrafındakı balaca dəmir hasarlar fiziki məhdudiyyətli vətəndaşların parka daxil olmasına mane olur. Bu səbəbdən onlar mütləq yeraltı keçiddən – onlar üçün nəzərdə tutulmuş xüsusi qurğulardan istifadə etmək məcburiyyətində qalırlar. Təəssüf ki, artıq həmin qurğular da gözə dəymir.
Qeyd edək ki, “Qış Parkı” kompleksi şəhərin içərisində ən böyük parklardan biridir. Ərazisi 7 hektar olan parkın uzunluğu 1 km, eni isə 150 metrdir. İstirahət parkının 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənib. Burada 5 fəvvarə kompleksi quraşdırılıb. Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb. İndi isə həmin eskalatorların böyük bir hissəsi yararsız haldadır.
Mətin Şükürlü, Bizimyol.info