Cəmiyyət

Bağlantı xidmətində inhisarçılıq pik həddinə çatıb Savaş qazilərinə qayğı göstərən operator hansıdır?

Bağlantı-rabitə xidmətlərinin səviyyəsi(zliyi)ndən danışmaq yersizdir.
Nədən hamıya bəllidir. Xidmət özbaşınalığına baxın, “Aztelekom” ,
“Baktelekom” zorakı xidmətlə qiyməti qaldırır, imtina edənləri cərimə edir!
(?) Bəs İqtisadiyyat Nazirliyinin yanından Prezidentin yanına “yüksələn”
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi niyə bu zorakı
xidmət inhisarçılığına, özbaşınalığa qiymət vermir? Axı “ İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” 19.09.1995 tarixli Azərbaycan
Respublikası Qanunu dövlət qurumunun boynuna məhkəmə qaydasında da
(!) özbaşınalığa qiymət verməyi qoyub ! Sözügedən qanunun 14.2
maddəsində yazılıb :” İSTEHLAKÇINI keyfiyyətsiz və ya ona LAZIM
OLMAYAN çeşidli mal almağa və XİDMƏT GÖSTƏRİLMƏSİNƏ
məcbur etmək QADAĞAN EDİLİR”. Bəs niyə “Aztelekom”,
“Baktelekom” müştərilərini, xidmətindən yararlananları qadağan edilən
MƏCBURİ XİDMƏTƏ qoşur və imtina edənləri cərimələyir? Antiinhisar
xidməti çox hallarda bu zorakılığı müqavilə şərtlərinin dəyişməsi ilə
müdafiə edir. Daha düzü, bu yekəlikdə dövlət agentliyi müqavilə şərtlərini
birtərəfli qaydada diqtə etməyi xidmət qurumunun hüququ kimi sırıyır. Bəs
qanun nə deyir? “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”
qanunun 16-cı maddəsi qanunvericilikdə nəzərdə tutulan
hüquqlarla müqayisədə istehlakçının hüquqlarını
MƏHDUDLAŞDIRAN müqavilə şərtlərini ETİBARSIZ sayır. Belə çıxır,
istehlakçıların hüquqlarını qorumalı olan dövlət qurumu inhisarçılığı, zorakı
xidməti qoruyur?!
Yaxşı ki, mobil operatorlar hökumətin rabitə qurumlarının “qara
xidməti”nin “üzünü ağ edir”. Yoxsa sosial müdafiəyə ehtiyacı olan
tələbələr, əlillər, veteranlar, …, lap elə bütün istehlakçılar bağlantı
xidmətinin keyfiyyətsizliyindən necə qurtulardılar? Di gəl, son illərdə mobil
operatorlar da özbaşınana müqavilə şərtləri , zorakı xidmətdə bir-biri ilə
yarışa, rəqabətə giriblər. Özbaşınalığa baxın, bir operator balans
bildirişinə görə abonentin balansından onun razılığı olmadan hər
ay 0.67 manat tutur, o biri hansısa tarif paketindən imtina etməyə
qadağa qoyur. Belə xidmətlə tələbə, əlil necə bağlantı qursun, sosial
müdafiə olunsun? Tələbə, əlil 1 manatı güclə ödəyir , amma anında 67
qəpiyi çıxılır. Hansı xidmətdən danışmaq olar belədə? Antiinhisar xidməti
isə bu xidmətsizliyi, zorakılığı xidmət qurumunun müstəsna hüququ sayır.
“Xidmət”ə baxın, əvvəllər 2 manat ödəməklə nömrə bir ay aktiv qalırdı,
sonra elədilər 25 gün, daha sonra 20 gün, bu ilin mayından isə … 10 gün!
(?) Bir ay aktiv olan 3 manatlıq balans indi 20 günə endirilib, 45 gün
aktiv olan 5 manatlıq ödənişlə isə 30 gün “aktiv qalmaq” olur . Belə
sürətli endirimlə haracan getmək olar? Hələ internet paketlərini demirik,
əvvəl 3 manata 500 mb paket almaq olurdu, indi ən azı 6 manat
ödəməlisən ki, paketdən yararlana biləsən. Daimi “ 3 manatlıq”
müştərilərə isə xidmət 4 manata qaldırılıb. O da keflərinə düşəndə
qoşurlar, düşməyəndə yox.
Bəs sosial müdafiəyə ehtiyacı olanlara güzəşt tətbiq edilməli deyil?
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun bu kateqoriyadan
olan şəxsləri də unutmayıb. Qanunun 14.1 maddəsində yazılıb: “
Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa ,
istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayisı ilə
MƏHDUDLAŞDIRILMASINA YOL VERİLMİR. Sosial müdafiəyə ehtiyacı
olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər XİDMƏT
növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik
aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər
verilə bilər” Bəs niyə verilmir, əksinə, hüquqlar məhdudlaşdırılır? Baxın,
xidmət qurumu 1-ci dərəcəli Qarabağ əlilinin bütün dörd nömrəsinin
balansını eyni gündə silib, mənimsəyib. Antiinhisar xidməti isə müqavilə
şərtlərini diqtə etməyi mobil operatorun müstəsna hüququ sayır. (?) Burda
hansı müqavilə şərtindən, sosial müdafiədən söhbət gedə bilər?
Xidmətdən başımıza gələnlərdən deyə bilərik ki, bircə “ Azərcell” sosial
müdafiəyə ehtiyacı olanlara , müharibə veteranlarına qısamüddətli
güzəştlər edir. 8 noyabr ZƏFƏR BAYRAMI günündə operator savaş
qazilərinə 24 saatlıq limitsiz danışmaq şansı verdi. Güzəçt qısa olsa da,
mənəvi yöndən yüksək qiymətləndirilir. “Veteran kampaniyası” da cəmi 7
gün qüvvədə olsa da, savaş veteranlarına diqqətdən qaynaqlanır. Onu da
deyək ki, əvvəl bu müddət bir ay idi. Bunun dördqat azalması diqqətin də
azalması deyilmi? Hər halda, operator bu haqda fikirləşsə, daha diqqətli və
qayğıkeş olar. Yeri gəlmişkən, güzəştli internet paketi kampaniyalarından
sosial müdafiəyə ehtiyacı olanlara daha aşağ güzəştlər təklif edilməsinə də
operatorlar baxa bilər. Daha düzü baxmalıdırlar.
Diqtə ilə, zorakılıqla xidmətin sonu müştəriləri itirmək təhlükəsi yaradır.
Di gəl, alternativ seçim də yoxdur. Bəlkə dış operatorların xidmətindən
yararlansın ölkə vətəndaşı? Bu da təhlükədir, “casus” damğası qazanmaq
risqi böyükdür. Nə etməli? Uyğun dövlət qurumu boynuna qoyulan görəvə
uyğun da cavabdehlik daşıyır…
Məğrur Bədəlsoy
TEREF

Paylaş: