2020-ci ildə Bakıda hərbi hospitalın qarşısında Ceyhun Səlimov küçəsində (keçmiş Papanin) metronun “bənövşəyi xətti” üzrə yeni stansiyanın açılışı planlaşdırılır.
Gələn il metronun genişləndirilməsi planları, xüsusən də yeni stansiyaların istifadəyə verilməsi və yeni qatarların alınması ilə bağlı Azərbaycanın digər böyük şəhərlərində metronun tikintisi nəzərdə tutulurmu?
“Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, gələn il qatarlarla bağlı artıq müqavilə də imzalanıb. Bu dəfə müqavilə üç il ərzində bağlanıb. Yaxın üç il ərzində istismar müddətini başa vuracaq vaqonların əvəzinə 60 yeni vaqon alınacaq. Bu hər ilə 20 ədəd edir. Qatarların alınması yalnız istismar müddətinin bitməsi ilə əlaqədar olacaq. Yəni, metronun genişləndirilməsi və digər yaranacaq səbəblərlə bağlı deyil. Hazırda 280 vaqonumuz var. Həmin vaqonların arasında istismar müddətini başa vuranlar xəttən çıxarılır və yeni, müasir tipli vaqonlarla əvəzlənir.
Stansiyalarla bağlı isə deyə bilərəm ki, geoloji, texniki problemlər olmasa, gələn il ərzində şərti adı B3 olan “bənövşəyi xətti” in üçüncü stansiyası, Ceyhun Səlimov küçəsində (keçmiş Papanin), Hərbi Hospitalın qarşısında yerləşən stansiya istismara veriləcək. Həmin stansiyanın üzərində avtomobil yolu da açılıb. Bu o deməkdir ki, orada əsaslı tikinti işləri başa çatıb və son tamamlanma işləri gedir. Eyni zamanda artıq infrastrukturun qurulması ilə bağlı tədbirlərə başlanılıb. Bu stansiyanın bir özəlliyi ondan ibarətdir ki, qatarlar bir yoldan digər yola keçərək əks istiqamətdə hərəkət edəcək. Həmin stansiya istismara veriləndə, qatarların hərəkət intensivliyi daha da artacaq. Bu isə əlavə qatarlar alınmasını, onların sayının artırılmasını tələb edəcək. Nəticədə qatarların sayı artdıqca, onların texniki baxışı, qulluğu, təmiri üçün depo işi gündəmə gəlir ki, ən azı deponun bir hissəsi istismara verilməlidir. Bu səbəbdən Xocasən deposunun da bir hissəsinin istismara verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Xocasən deposunun inşası üç mərhələdə aparılacaq. Birinci mərhələdə üç stansiyanın qatar parkının, yəni lokomativ parkın tələblərini ödəyəcək vaqonlara xidmət göstərəcək hissə istismara veriləcək. Hazırda Xocasən deposunu Avtovağzal stansiyası ilə birləşdirəcək tunellərdən biri hazırdır. Yol infrastrukturu qurulur. Digər tuneldə isə qazıntı işlərinin başa çatdırılmasına kiçik bir məsafə qalıb. Daha sonra orada da işlər gedəcək. Amma Bakı
Metropolitineninin 2011-ci il təsdiq olunmuş Konseptual İnkişaf Sistemi var. Həmin inkişaf sisteminə görə metropoliten xətləri yalnız Bakı şəhərinin daxilində olacaq. Yəni, ilk növbədə Bakı şəhərinin daxili, xüsusən də mərkəzi olmaqla şəhərin nəqliyyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində bu addımlar atılmalıdır. Gələcək illərdə nə olacağını inddən proqnozlaşdırmaq düzgün deyil. İndi məqsəd Bakı şəhəri ərazisində metro xətlərinin inşasıdır. Bu səbəbdən Xırdalan, Sumqayıt və digər şəhərlərə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.