Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən KFC restoranlar şəbəkəsi növbəti maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan və KFC restoranlar şəbəkəsini idarə edən “B.J.R. Foods Limited” şirkəti 2023-cü ili 629 min 446 funt-sterlinq (1,4 milyon manat) zərərlə başa vurub.
[center][medium]https://yenisoz.az/uploads/posts/2024-10/1727872539_1727867781_bjr-foods.png[/medium][/center]
Qeyd edək ki, Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını Anar Məmmədov 23 iyul 2021-ci il tarixində satın alıb.
Anar Məmmədov “B.J.R. Foods Limited” şirkətinin səhmlərinə sahib olduqdan sonra şirkət zərərlə işləməyə başlayıb. Bekə ki, “B.J.R. Foods Limited” şirkəti 2021-ci ili 3 milyon 244 min 762 funt-sterlinq mənfəətlə başa vurduğu halda, 2022-ci ildə xalis zərəri 1 milyon 182 min 13 funt-sterlinq olub.
Onu da bildirək ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan bu şirkətə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Sulemani rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərfləri əsasında yaradılıb.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxtilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.(Yeniavaz.com)