Azərbaycanda pambıq istehsalı ilə məşğul olan fermerlər problem içində olduqlarını deyirlər.
Onların sözlərinə görə, son 7 ildə pambıqçılığa qeyri-neft sektoru sahəsi kimi milyonlarla vəsait xərclənsə də, gəliri xərclərini qarşılamır.
2017-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən, xam pambıq istehsalı 500 min tona çatdırılmalı idi.
Statistik göstəricilər isə bunun əksini deyir. Yəni 2022-ci ildə ölkə üzrə 104 min hektar ərazidən 322 min ton məhsul əldə edilib: 178 min ton əskik. Hətta 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min hektar azalsa da, istehsal həcminin 72 faiz artdığını bildirirlər.
Fermerlər isə ildən-ilə həm məhsuldar torpaq, həm iqlim, həm də keyfiyyətli toxum, pestisid problemlərindən dolayı yüksək məhsuldarlıq əldə edə bilmədiklərini deyirlər.
7 ildir ki, pambıq əkib-becərən Şahmurad İmanov Saatlı rayonunda bu il 10 hektar icarəyə götürdüyü torpaqda əkin apardığını deyir.
Onun sözlərinə görə, xərclərin çoxluğundan dolayı fermerlər zavodlarla müqavilə bağlamaq məcburiyyətində qalırlar:
“Hər il məhsuldarlıq fərqli olur. Bir hektara ən yaxşı halda 4-5 ton məhsul yığırıq. Normalda 3-3.5 ton olur. Zərərvericilər həddən artıq çoxdur. Davamlı pestisidlərlə mübarizə də effekt vermir. Xərclərin yarısını keyfiyyətsiz pestisidlər tutur. Pambıqçı olaraq ziyanvericilərlə əlbəyaxayıq. Torpaqları belə icarəyə götürürük. Əkinə yararlı torpaqların hektarı 400-500 manat arasında dəyişir”.
Fermer deyir ki, məhsuldar torpaqları şirkətlər götürüb deyə heç icarəyə torpaq da tapmaq olmur:
“Suvarmaya görə də illik 100 manat ödəyirik. Toxumu, pestisidi, gübrəsi baha. Bir kisə gübrə 30 manata, bir kiloqram toxum 5,50 manatdır. Tək kombaynın alışına yarım milyon qiymət deyirlər. Texnika heç əlçatan deyil. Əkindən yığıma qədər fermerlərin xeyli xərci olur ki, bunu da özü edə bilmir. Zavodlarla müqaviləyə əsasən bütün xərcləri onlar çəkir və məhsul yığımında xərclər hesablanıb ödənilir. On hektara 20 min manat xərcim çıxacaq. Hər tondan 120 kiloqram nəmliyə görə çıxırlar. Yekunda 35-40 ton məhsul qalarsa yarısı, bəlkə daha çox şirkətə borc olaraq çıxılacaq”.
“5 manat subsidiya artımı qalxan xərclər fonunda azdır”
Fermer deyir ki, ilbəil artan xərclər gəlirləri üstələdiyindən onları çətin vəziyyətdə qoyur. Son iki ildə isə yanacaq artsa da, subsidiyanın qiyməti qalxmayıb.
Dövlət tərəfindən isə pambığın hər kiloqramına 19 qəpik subsidiya ödənilir. Yəni tonu 190 manat hesablanır. Hazırda zavodlar tərəfindən isə bir ton birinci növ pambığın alıcılığı 800 manat, ikinci növ 780 manat, üçüncü növ 740 manat, dördüncü növ isə 700 manata hesablanır.
Növbəti il üçün Kənd Təsərrüfatı Nazirliyi subsidiya ödənişlərini müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələr üçün məhsulun tonunu 210 manat, digər sahələr üçün isə 195 manat məbləğində nəzərdə tutub. Ancaq belə artımlar əksəriyyət fermerlərin qazancına ciddi təsir etmir. Çünki sahələrin çoxu müasir suvarma sistemləri ilə təchiz edilməyib.
“Yanacaq çox qalxdı. Texnika hər hektar sahəni 200 manata yığır. Ötən il hektarını 50 manata şumladığımız sahə üçün bu il 70 manat tələb olundu. Xərclər qalxır, ancaq məhsulun subsidiya və alış qiyməti qalxmır. Müasir suvarma sistemləri ilə təchizat zəifdir. Kəndimizdə 100 hektar pambıq sahəsinin əksəriyyəti selləmə su ilə suvarılır. Bu sahələrə də subsidiyanı cüzi artırırlar. Toxumlar isə illik dəyişdirilir. Əvvəllər bir ağacda 8-10 çiyid vardırsa, indi 5-6 çiyiddir ki, bu da çəkiyə təsir edir. 5 manat subsidiya artımı qalxan xərclər fonunda azdır”, – deyə Şahmurad İmanov pambıqçıların üzləşdiyi problemləri sadalayır.
“Zavodlar istehsal etdiyi məhsulu sata bilmədiyindən yığılıb qalır”
Dediklərinə görə, artan xərclər fonunda bəzi fermerlər pambıq əkinini dayandırmaq məcburiyyətində qalır. İllərdir ki, Kürdəmirin Şilyan kəndində pambıq əkən Qaçay Əliyev bu il əkini dayandıranlardandır.
Ötən il 25 hektar əkin fonunda bu il torpaq tapa bilməyən fermer Zərdab rayonunda pambıq sahələrində aqronom kimi çalışır.
Deyir ki, nəinki xərclər çoxdur, hətta pambığın dünya bazarında alıcılıq qiyməti də zəifdir deyə zavodlarda yığılıb qalıb:
“Yağıntılı olmasaydı, məhsuldarlıq normal olardı. Yağıntılı hava, şəraiti pestisidlərin vaxtında vurulmamasına maneə oldu. Ona görə orta hesabla hər hektara 35 sentner məhsul toplanılır. Ötən il də 25 hektar sahəmdən eyni məhsuldarlığı götürdüm. Bu il həm kənd təsərrüfatı məhsullarında, həm yanacaqda bahalanma oldu, həm də zavodlar

