Cəmiyyət

FHN-in sifarişləri ilə “Tərəqqi-Ş” MMC-nin apardığı təmir, tikinti işlərində nə kimi şübhəli məqamlar var

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Şamaxı rayonunda 6 ədəd və Ağsu rayonunda 1 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə keçirdiyi satınalmaların nəticələrinə dair elen verib. Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti “Tərəqqi-Ş” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 168.978,15 manat məbləğində satınalma müqaviləsinin imzalanmasını nəzərdə tutan elan 03.10.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığəmız araşdırmada o da məlum oldu ki, “Tərəqqi-Ş” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. Amma nədənsə ancaq Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş satınalmaların qalibi olub.

Qeyd edək ki, “Tərəqqi-Ş” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumat yoxdu. MMC son üç ildə Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş 10 açıq tenderin qalibi olub. MMC-nin bu müddət ərzində Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin verdiyi son sifarişlərin bir neçəsinə diqqət yetirək.

Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə 131.183,42 manat məbləğində satınalma müqaviləsi 23.08.2024-cü ildə bağlanılıb.

Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən 2 nömrəli 5 mərtəbəli yaşayış binasında bərpa işləri üzrə 197.790,33 manat məbləğində satınalma müqaviləsi 18.01.2024-cü ildə bağlanılıb.

Fövqəladə Hallar Nazirliyinin “İzotop” Xüsusi Kombinatının su təchizatının və istilik şəbəkəsinin dəyişdirilməsi işləri üzrə 79.222,44 manat məbləğində satınalma müqaviləsi 20.09.2023-cü ildə bağlanılıb.

Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsində 1 ədəd 3 otaqlı, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərində bərpa işləri üzrə 111.665,75 manat məbləğində satınalma müqaviləsi 29.08.2023-cü ildə bağlanılıb.

Lerik rayonunda 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 75.040,65 manat məbləğində satınalma müqaviləsi 07.03.2023-cü ildə bağlanılıb.

Şamaxı şəhərində 6 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 217.870,62 manat məbləğində satınalma müqaviləsi 11.08.2022-ci ildə bağlanılıb.

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B ünvanında 5 mərtəbəli, 4 bloklu zirzəmili çoxmənzilli yaşayış binasında 30 saylı mənzildə təmir işləri və həmin çoxmənzilli yaşayış binasında və yaxınlığındakı fərdi yaşayış evlərinə dəymiş ziyan ( əlavə işlər) üzrə 96.421,84 manat məbləğində satınalma müqaviləsi 21.01.2022-ci ildə bağlanılıb.

Siyəzən rayonu Sədan kəndi ərazisində vətəndaşların qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin təcili olaraq sökülüb yenidən tikintisi üzrə 2 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 94.267,46 manat məbləğində satınalma müqaviləsi 02.12.2021-ci ildə bağlanılıb.

Şamaxı şəhərində 1 ədəd, Şamaxı rayonunun Çabanı kəndində 1 ədəd, Çarhan k-də 3 ədəd, Meysəri kəndində 1 ədəd, Şirvan kəndində 1 ədəd fərdi yaşayış evlərinin (7 ədəd) bərpası üzrə 243.084,89 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci ildə bağlanılıb.

Abşeron rayonunun, Xırdalan şəhəri 27-ci məhəllə, 1b saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 bloklu zirzəmili yaşayış binasının yaxınlığında yerləşmiş fərdi yaşayış evlərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə 26.050,27 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci ildə bağlanılıb.

Bunlar Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə “Tərəqqi-Ş” MMC arasında son üç ildə bağlanılan müqavilələrdi. Burada şübhəli məqamlar nələrdən ibarətdir? Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Siyəzən rayonu Sədan kəndində 2 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisinə 94.267,46 manat, Lerik rayonunda 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisinə isə 75.040,65 manat, Kürdəmirdə 1 ədəd 3 otaqlı, Hacıqabulda 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərində bərpa işlərinə isə 111.665,75 manat dövlət vəsaiti ayırıb. Müqayisə etdikdə nələr ortaya çıxır. Bakıdan 100-170 km aralı Kürdəmir və Hacıqabulda fərdi yaşayış evlərində bərpa işlərinə təxminən 112 min manat, Bakıdan 300 km aralı Lerikdə 1 ədəd üç otaqlı evin tikintisinə isə 75 min manat.

Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ilə “Tərəqqi-Ş” MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin süni şəkildə şişirdildiyinə yol verildiyi burada açıq aydın görsənir.

Qeyd edək ki, açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “TƏRƏQQİ-Ş” MMC (VÖEN 1302085961) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.10.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏHMƏD CƏMİL, ev 40-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yaqubov Şakir Xanbala oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Yaqubov Anar Şakir oğlu olub. MMC-nin hazırkı ünvanı isə Bakı şəh., Nərimanov ray. S. Dadaşov küç., 40-dır.

“”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Göründüyü kimi FHN-in Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti son üç il ərzində “Tərəqqi-Ş” MMC ilə ümumi dəyəri təxmini hesablamalarımıza görə 1 272 592 manat olan 10 satınalma müqaviləsi bağlayıb. MMC-in 03.10.2024-cü ildə qalib elan olunduğu tenderi də bunun üzərinə gəldikdə ümumi olaraq 1 milyon yarım manat civarında dövlət vəsaiti edir. Qeyd etdiyimiz kimi maraqlı odur ki, “Tərəqqi-Ş” MMC Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətindən başqa heç bir dövlət qurumunun tenderlərində qalib olmayıb. Daha maraqlısı isə son üç ildə 1,5 milyon manat dəyərində dövlət sifarişi almış MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumatın olmamasıdır. MMC-nin nə rəsmi veb səhifəsi, nə işçi qüvvəsi, maliyyə imkanları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Aktualinfo.org

Paylaş: