“Son illərdə Dövlət Gömrük Komitəsində rəhbərlik 2-3 dəfə dəyişib, amma problemlər hələ də qalır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
O, son günlər gömrüklə bağlı artan şikayətlərdən və Dövlət Gömrük Komitəsində (DGK) baş verən özbaşınalıqlardan söz açıb.
“Doğrudur, onların da işləməyində və yanaşmalarında fərq var, amma nəzərə alsaq ki, son illərdə DGK-da rəhbərlik 2-3 dəfə dəyişib, amma problemlər hələ də qalır. Bu qurumun fəaliyyətində bir sıra düzəlişlər aparılmalıdır. Bunlardan biri qanunvericilik sahəsindəki problemlərdir ki, bu məsələlər də düzəlməlidir. Düşünürəm ki, artıq gömrük sahəsində yumşalmalar olmalıdır. İstər vətəndaşların şəxsi istifadəsi üçün gətirilən məhsullarla, istərsə də kiçik və orta biznesin nümayəndələrinin gömrük rüsumları ilə bağlı yumşalmalar olmalıdır ki, insanlarımızın dolanışığı və şəraiti düzəlsin”, – deyə partiya sədri bildirib.
Siyasətçinin sözlərinə görə, burada görünən digər məsələ isə odur ki, sözügedən məsələdə iri oliqarxların maraqları var:
“Bu günə qədər eşitməmişəm ki, oliqarxların gömrükdə hər hansı problemləri olsun. Görünən həm də odur ki, bu insanların DGK-ya bu və ya digər formada təsiri imkanları mövcuddur. Ona görə də bu sahədə bütün komitə rəhbərləri dövründə kiçik və orta biznesə təsirlər olub. Odur ki, bu sahədə yumşalmanın, qanunvericiliyin yumşaldılmasının və insanlara münasibətdə daha loyal olmasının tərəfdarıyıq. Çünki bir çox məhsullar Azərbaycanda istehsal olunmur. Yüksək texnologiyalardan tutmuş adi geyimə qədər, dərman preparatları, kosmetika və digər gündəlik istifadə edilən məhsullara gömrük rüsumları tətbiq olunanda, nəticədə, vətəndaşın cibinə təsir edir. Fikrimcə, bu sahədə kifayət qədər islahatlara ehtiyac var. Əgər həmin o görünməyən əllər və təsir mərkəzləri öz gücünü saxlayıb DGK-ya təsir etməsə, heç nə dəyişəsi deyil və şikayətlər bundan sonra da çoxalacaq”.
O, söyləyib ki, dövlət bu məsələ ilə bağlı tənzimləmə aparmalıdır:
“Birincisi, qanunvericilikdə islahatlar olmalıdır, ikincisi isə nəzarət gücləndirilməlidir. Yəni onların qanunvericilikdəki boşluqlardan istifadə mexanizmlərinin qarşısı alınmalıdır. Məsələn, gömrükdən məhsul gətirən insanların çoxu deyir ki, bu məhsulların əksəriyyəti gömrük işçisinin şəxsi təşəbbüsünə buraxılır. Yəni gömrük işçisi malı ya A, ya da B kateqoriyası ilə təsdiqləyir. Belə olan halda, A və B kateqoriyası arasında kifayət qədər qiymət fərqli olur ki, adətən, maraqlı tərəflərin təzyiqi nəticəsində də bundan istifadə edilir”.
“Bu yöndə islahatlar aparılsa, nəzarət və qanunvericiliyin sərt üzü olsa, DGK-da dəyişikliklər ola bilər. Çünki milyonluq yeyinti ilə həbsə düşən adamlar bir müddət sonra azadlığa çıxırlar və müsadirə olunmuş əmlakları geri qaytarılır. Belə nümunələri az görmüşük? Əlbəttə, təkcə bununa belə hadisələrin qarşısını almaq olmaz. Əgər problemlərin həllini istəyiriksə, mütləq gərəkli addımlar atmaq lazımdır”, – deyə o, fikirlərini tamamlayıb.(Yenicag)