Cəmiyyət

“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO

“Bakı şəhəri, Yasamal rayonu, Ə. Əhmədov 2, blok E, Mənzil 62 ünvanında yaşayıram. “Qlobal SF” MMC-dən ev almışıq. Qeyd etdiyim ünvanda Tağı İbrahimova keçmişdə məxsus olan, “Qlobal-SF” MMC-nin 5 kooperativ binasından ibarət olmağı nəzərdə tutulan və tikintisinə 2006-cı ildən başlayan yaşayış kompleksində mənzillərin alınması üçün müxtəlif vaxtlarda vəsait ödəmişik. Amma buna baxmayaraq illərdir çox ciddi bir sıra problemlərlə qarşılaşırıq. 2006-cı ildən kompleksdə inşa olunması nəzərdə tutulan 5 binadan sadəcə biri hazır olub. Digər binalar hələ də yarımçıq qalıb. Bəzi mənzillər birdən çox şəxsə satılıb. Şirkət rəhbərliyindən bina sakinlərinin siyahısını dəfələrə istəməyimizə baxmayaraq bizə təqdim etmirlər, yaxud gizlədirlər. Hazır olan 1 binada təxmini 50 sakinin yaşamasına baxmayaraq işıq və su rəsmi şəkildə təmin olunmayıb, qaz verilmir. Bina evinə odun peçi qoymaq məcburiyyəti yaranıb. Dəfələrlə haqlı tələblərimizi irəli sürmək məqsədi ilə yaşayış kompleksində və “Qlobal SF” MMC-yə məxsus digər obyektlərdə etiraz tədbirləri keçirmişik. Keçmiş şirkət rəhbərləri Tağı İbrahimov və oğlu Elşən İbrahimovla dəfələrlə görüşməyimizə baxmayaraq sakinlər indiyə qədər öz mənzilləri ilə tam təmin edilməyiblər”

Bunu Moderator.az-a şikayətçi Yusif Ağabalayev deyib. Kompleks sakinləri daha sonra qonşularının dediyi bütün faktları təsdiqləyiblər:

“Tağı İbrahimov hələ də bu tikintiyə (həbsdə olmasına baxmayaraq) nəzarət edir və tikintinin davam olunmasına maneələr törədir. 150-dən çox sakin bu məsələ ilə bağlı aldadılıb. “Qlobal SF” MMC-nin yeni rəhbərliyi ilə görüşlərimiz olub. Dəfələrlə bizə söz və vəd veriblər, lakin artıq sakinlərdə inamsızlıq yaranıb. Yeni təsisçi də bu səbəbdən tikintinin davam olunmasını istəmir, səbəb isə bu günə kimi ləğv olunmuş möhür ilə imzalanmış saxta müqavilələrin MMC-yə təqdim olunmasıdır. Binanın fəsadı, mansardı bərbadddır. Kompleks olmalıdır, amma heç kompleks tikilməyib. Gələn rəhbərlərin hamısı da bizi aldadıb çıxıb gedirlər. Aldanmaqdan bezmişik. 3 ədəd möhür var. Eyni vöen ilə eyni tarixlərdə möhürlər var ki, dəyişikdir. Hər rəhbərliyin əlində bir möhür var. Ona görə də siyahını üzə çıxarmırlar. İddia var ki, 11 ev FHN-ə, 20 ev Şəhərsalma və Arxitektura komitəsinə, 15 ev hansısa televiziya kanalına verilib. Evin içində yaşaya-yaşaya bilmirik ki, bu ev bizimdir ya yox?! Kupçamız yoxdur. Bir neçə aidiyyatı quruma, vəzifəli insana müraciət etsək də cavabsız qalıb. Deyirlər ki, siz gedib şikayət edirsiz, biz 20-30 min verib susdururuq” deyə kompleks sakinləri bildirib.(Moderator.az)

Qeyd: İddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Paylaş: