Əslində qiyməti 50 qəpik olan min kubmetr su bundan öncə 3-4 manata satılırdısa, indi əkinçilər eyni miqrad su üçün 10 manat ödəməli olacaqlar. Bu haqda “Gündəlik Naxçıvan”a yerli fermerlər məlumat veriblər.
Onlar bildirirlər ki, rüşvətin qaldırılması ilə bağlı göstəriş rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən gəlib.
Fermer Xəlil Süleymanov deyir ki, elə rüşvət də birbaşa idarə rəsinə çatır:
“Əslində Nazirlər Kabinetinin qərarına görə 1000 kubmetr suvarma suyunun dövlət qiyməti 50 qəpikdir. İdarə fermerlə müqavilə bağlamalı, qrafik tutulmalı və buna uyğun fermer ödəniş etməlidir. Su idarəsi, yaxud onun təmsilçiləri heç bir müqavilə imzalamırlar. 50 qəpiyə olan suvarma suyunu indiyə kimi 4 manata satır və əldə olunan gəliri isə mənimsəyiblər. Gözləri bununla doymur, indi 10 manat tələb edirlər. Pul da bir başa Rüstəm Rüstəmova çatır. Bu o deməkdir ki, bundan sonra hər 10 hektar sahəni suvarmaq üçün 2 manat yerinə, 40 manatımızı alacaqlar. Ötən həftə də yeni qərar çıxardılar ki, taxılın hər hektarına 45 manat torpaq vergisi ödəməli olacağıq. Biz hektara orta hesabla 3-4 yüz kilo taxıl götürürük. Suya ödəyəcəyimiz pulu və torpaq vegisini çıxsaq, demək olar ki, qazancsız qalacağıq. Artıq əkinçiliklə məşğul olmağın faydası qalmır”.
Fermer Zeynal Xəlilov isə hesab edir ki, qiymətləri qaldırmaqda məqsəd, onlara ayrılan subsidiyanı əllərindən almaqdır:
“Prezdentin fərmanı ilə, Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatının inkişafına yardım üçün subsidiya verirlər. Lakin, belə çıxır ki, yerli məmurlar bizə ayrılan subsidiyanı mənimsəmək üçün min bir oyundan çıxırlar. Mən hər il 15-20 hektar arpa və buğda əkirəm. Suvarma suyunun hektarına görə hər dəfə 4 manat ödəyirdim. İndi 10 manatdan ödəsəm, hər suvarmada 90 manat artıq pul ödəyəcəyəm. Digər tərəfdən də yerli orqanlara əkilən hər hektar üçün 40-45 manat pul ödəməliyik. Demək subsidiya məsləsini pulu sağ cibdən götürüb, sol cibə qoymaq kimi bir şey olur”.
Qeyd: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF