Yarımmilyonluq “Range Rover”i ilə gündəm İcra başçısı qazon və ağaclar alır -230 min manata
Xaçmaz Rayon İcra Hakimiyyətinin “Yaşıllıqların salınması işlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi “Safarı” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında 229.380,2 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən Tuya ağacı, Arizona şam ağacı, Leylandra ağacı, Xan çinarı, Eldar şamı, qazon, Mövsümi güllər alınmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Safari” MMC 8 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.
“Safari” MMC 24 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumata rast gəlinmir.
Mübariz Verdixanov isə yerli mediada “tender kralı” kimi təqdim edilir. O, “Safari” MMC ilə yanaşı daha iki şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər “Safari Bak Upak” MMC və “Pioneer” MMC-dir.
Mediada “Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir.
Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub.
Mikayıl Manafov 2010-cu ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələrlə təqsirli bilinən Mikayıl Manafov 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, Mübariz Verdixanovun şirkətləri əsasən icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.(32gun.az)