“Qəbələ” İdman Klubunun maliyyə problemləri ilə bağlı yazılanlar hardasa doğru idi. Klubun dağılmaq təhlükəsi olduğu yazılırdı.
Oxu.Az xəbər verir ki, bunu “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov deyib.
O bildirib ki, artıq klub yeni sponsorla müqavilə bağlayıb:
“Biz bu məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla da danışmışdıq. Bu məsələ AFFA İcraiyyə Komitəsinin iclasında da müzakirə olundu. Ancaq AFFA-dan bizə illik büdcə ayrılmayacağı bildirildi. Bunu belə əsaslandırdılar ki, büdcəmiz yoxdur. Amma Allaha şükür ki, “Jalə” şirkəti ilə müqavilə bağladıq. Daha bir neçə sponsorla da danışıqlar davam edir. Onlar “Gilan Holdinq”ə daxil olmayan şirkətlərdir.
Düz qeyd edirsiniz ki, “Jalə” əvvəllər də bizə sponsor olub. Amma əvvəl “Gilan Holdinq” bizim təsisçimiz idi deyə əməkdaşlıq edirdik. Amma indi “Gilan Holdinq” bizim sponsorumuz deyil və “Jalə” ilə müstəqil şirkət kimi ilyarımlıq müqavilə bağladıq. Təbii ki, əvvəlki sponsorluqla indiki arasında maliyyə fərqi var. İndi bu şirkətin loqosu formalarımızın arxa hissəsində əks olunacaq. Qabaq hissəyə isə danışıq apardığımız şirkətlərdən birinin loqosu vurulacaq. Hələ ki o hissə boşdur”.
Fariz Nəcəfov onu da bildirib ki, komanda çempionatda var-gücü ilə mübarizə aparacaq:
“Biz çempionatda mübarizəmizi davam etdirəcəyik. Olduğu yerdən davam edirik. Klub yaşayacaq. Amma istisna etmirəm ki, digər danışıq apardığımız şirkətləri komandaya sponsor kimi cəlb etməyək”