Cəmiyyət

Kasıbın böyrəyinə üç qat ucuz qiymət qoyulur…

Göz yaşınla yağışı yuduğun zamanlarda nə düşünmüsən? Məsələn, bir ovuc dərmanı boş mədəndə gizlətmək, ya da elə ovucuna ülgüclə yeni xətlər çəkib qırmızı boşluğa qərq olmaq istəmisən? Dəfələrlə beynimi kağız kimi yoldan keçən yadların əlinə büküb qaçmaq üçün qabığımdan çıxmışam. Ürəyimi çıxarıb kiminsə sinəsinə basım, gəl dəyişək, gücün çatsa, bu çürüyü bir az gəzdir, deməyim gəlib.

Gəzdir dedim, xatırladım, heç bilirsən sən gəzdiyin torpağa neçə cəsəd qarışıb? Dünya özü doğulandan sənə qədər 110 milyard insan udub. Düşünmə ki, təbiət adlı adamyeyən səndən, məndən yan keçəcək. Əksinə, əbədi həyat nağılına qandırıb hələ çox yalanında boğacaq.

Uydurduğu əfsanələri elə öz qurbanları yayacaq. Dünyanın uzaq bucağından bir alim durub deyəcək ki, bilirsən də, azı 30 ilə dərin indikindən 10 qat daha zərif olacaq. Sən də, libas seçən kimi-istəyirəm, qabığım əsmər olsun, ürəyimə düşən günlər çıxarıb, rəsmlərlə bəzəyim, sonra yenə geyinim, saçlarım da bir sözümlə rəng dəyişsin, sonsuz yol tək uzun olsun, deyəsən. Ac gözlərin doymaya, həə, bir də ən bənövşəyi şüaları, dəli işıq dalğaları görüm, amma qaranlığa bələnməyim – sifarişi verəsən. Həyatımı qərinələr bəzəsin, günlərimi illərimə dəyişim.

Bəlkə bir gün nağıllar da gerçək olar, əzizim…

Haqsızlıq da etməyək. Bu gün insan dəri-qabıq dəyişir, sümük qırır, dodaq düzür, burun yapır özünə. Bu da azdı, adəmə. Çilik-çilik parçalanmış dərisinin yerinə qəssab onu başqasının qabığına bələyir.

Yetmir, mənim başımı sənin bədəninə tikir. Bəs gecələr göz yummağa aman verməyən fikirlərim, başımı qara daşa çevirən sevgilərim yad bədənə gen gəlmir?

Təsəvvür et, ürəyin bədənindən düz 50 yaş qocadır. Bu gün, sabah yas tutacaq özünə. O tayda da biri ölür, özü qoca, qəlbi cavan bəxtəvər. Gecə-gündüz telefonun başında yalvarırsan Allaha. Qoy, tez ölsün, ürəyi də mənim olsun. Qoca ölür, oddan qaynar ürəyini cəllad basır sinənə. Bir gün, 5 gün…xırıltından yel qopur. Neyniyəsən, özgə ürək gəlib düşmür sinənə. Bu dəfə də yad ürəkli cavan canın düz torpağın sinəsində gömülür.

Ögey dünya kasıbının böyrəyinə üç qat ucuz qiymət qoyur, İlahi. Əvəzində qabağına yal qəpiklər tullayır. Ət parçası bəzədilib 5 qat baha satılır. Sonra dünya qanlı barmaqlarla pulun sayır, bir böyrəkli ögey kasıb xəstəliyin…Yaratdığı cəlladları bəzən çaşıb sol ayağın yerinə sağ ayağını da kəsir. Amma sən də dalğalara təslim etmə özünü… Dərinə en, qaranlıqdır bizə hakim kəsilən. Appolon da gəlicidir, keçicidir. Əbədiyyət qaranlıqdır, zülmətdir.

***

Göyqurşağı fəlsəfə yumağının əslində bir ipucu var, əziz oxucum. Bu günlərdə eşitdim ki, fransız alimləri Qədim Çinin ən ağılagəlməz müalicə üsulu fekal transplantasiyanı yenidən tibbə gətirmək niyyətindədirlər. Əgər Fransada yaşayırsınızsa, kifayət qədər sağlamsınızsa, hospitala gedib, qan analizləri verirsiniz. Heç bir xəstəliyiniz aşkarlanmazsa, elə xəstəxananın tualetində xaric edəcəyiniz nəcisin müqabilində təxminən 95 manat bəxşiş alırsınız. Qısası, ən təbii ehtiyacınızı ödəməklə tibb elminə böyük dəstək göstərmiş olursunuz. Laboratoriyada nəcisinizdən dərman hazırlayıb xəstələrə içirirlər.

Düşündüm ki, görəsən zəkalıdan beyinsizə, ağıllıdan şüursuza, vicdanlıdan vicdansıza transplantasiya yardımı həyata keçirmək mümkündürmürmü? Sonra qərar verdim. Əsla! Təsəvvür edin, biri nimdaş libas içində başına bahalı papaq qoyub. O papağı mütləq satıb, özünə yeni ayaqqabı, palto alacaq. Qalan pulu da bir müddətlik cib xərcliyi edəcək. Yəni başındakı ağırlığı ciblərinə böləcək. Xülasə, məncə dünya yaxşı bilir işini. Şərəfindən, mərhəmətindən kimsəyə pay verə bilməyəcəksən. Qonşudan gələn pay yamaqlı olur, tez sökülür. Çünki sənin olmayan öz deyil, “süni”dir. Çünki bu dünyanın ən son kəşfi “süni intellekt” də qulağa çox süni gəlir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir