AHİK-də gəlişmələr: Sahib Məmmədov Əlmirzə Şirinovu “üzüsulu” yola salmaq niyyətindədir – Son tarix barədə məlumat
Hələ bir neçə il əvvəl ölkə Prezidentinin göstərişilə Azərbaycanda rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı və İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev həbs olunduğu halda, onunla əlbir olan idarə, müəssisə və təşkilat rəhbərlərindən “sudan quru çıxmağı” bacaran vəzifəli şəxslərdən biri də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları (ATİAHİ) İmişli rayon komitəsinin (RK) sədri Əlmirzə Şirinov oldu.
Ə.Şirinov barəsində tənqidi fikirlərin önündə həmişə belə bir haqlı iddia gedib ki, o, rayonun tərəqqipərvər təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətdə heç bir əhəmiyyətli iş görməyib. Onun rəhbərliyi ilə təşkil olunan hesabat yığıncaqları saxta, bayağı, tənqidsiz şəraitdə keçirilir və həmin yığıncaqlar “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə uyğunsuzluq təşkil edir, sonu da Ə.Şirinovun yenidən sədr “seçilməsi” ilə nəticələnir. Hesabat seçki yığıncağında iştirak edən nümayəndələrin əksəriyyəti rayon məktəblərində və digər təhsil müəssisələrində fəaliyyətdə olan ilk təşkilatlalar tərəfindən seçilmir, nümayəndələrin səlahiyyətini təsdiq edən protokollar yoxlanılmır. Hesabatlarda yalan məlumatlar verilir. Sanki ATİAHİ İmişli rayon təşkilatının fəaliyyəti çox şəffaf, hər bir ittifaq üzvü üçün faydalı olur və təşkilatda geniş yer tutan saxtakarlıq halları barədə bir kəlmə də olsun, söz deyilmir. Komitədə sədrin geniş vüsət alan rüşvət və korrupsiya şəbəkəsi yaratması haqqında danışılmır. Çünki təşkilatın sədri Əlimirzə Şirinov yığıncağa yalnız özünə yaxın adamların iştirakını təmin edir. Halbuki, sədrin əsas işi hər ay təşkilatın hesabına köçürülən 30 min manat üzvlük haqqının çox hisəsini ATİAHİ RK-nın hesabına köçürmək və yerdə qalan pulu isə özünə yaxın olan müəllimlərə, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına yardım pulu kimi paylamaqdan və həmin pulun bir hissəsini mənimsəməkdən ibarətdir.
Ə.Şirinov tabe olduğu yuxarı təşkilat, rayon rəhbərliyi və hüquq-mühafizə orqanları rəhbərlərinin müxtəlif tip tapşırıqlarını dərhal yerinə yetirən və rayonda hər kəsilə dil tapmağı bacardığından, qəsdən rayonda özü haqda süni “yaxşı adam” obrazı yarada bilib.
Hərçənd, Səttar Möhbalıyevin istefasından sonra bu ilin avqust ayında cənab Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) sədr seçiləndən sonra İmişlinin tərəqqipərvər təhsil işçiləri ümid etməyə başlayıblar ki, yəqin, tezliklə rayonun təhsil ictimaiyyətinin canı Ə.Şirinovun əlindən qurtulacaq. İlk əvvəl İmişli rayon müəllimləri Konfederasiya rəhbərliyinin Ə.Şirinovun vəzifədən getməsi barədə qərarının ləngiməsini 1 sentyabr – deputat seçkiləri ilə əlaqələndirdilər: “Yəqin, rəhbərlik Milli Məclisə seçkilər ərəfəsində seçki kampaniyasının əhəmiyyətli iştirakçıları olan təhsil işçilərinin təşkilatlanması işini “təzə adama” həvalə etmçək istəmirlər. Lakin artıq deputat seçkilərindən üç ay keçib, Ə.Şirinov isə kürsünü boşaltmağa istəkli görünmür. Bu arada etibarlı mənbədən redaksiyamıza məlumat daxil olub ki, AHİK rəhbərliyi gələn ilin fevral ayının 5-də AHİK-in yaranmasının növbəti ildönümündə Ə.Şirinovu son dəfə mükafatlandırmaq və necə deyərlər, “üzüsulu” yola salmaq qərarına gəlib.
Zirveyolu.info
Nisa Şİrvanlı