Məşhur iş adamlarından biri “Baksovet Kamil”ə qiyməti təxminin 30 min dollar dəyərində olan elektriklə işləyən avtomobil hədiyyə edib
Bakı Şəhər İcra Hakimiyyətindəki (BŞİH) bəzi məmurların ölkə paytaxtında həyata keçirilən qanunsuz tikililərdən külli miqdarda vəsaitlər əldə etdiyi heç kimə sirr deyil. BŞİH-nin verdiyi qərar və sərəncamlar Bakının bütün rayonlarında keçərli olduğu üçün işbazların bir çoxu “12 imama yalvarmaqdansa, bir Allaha yalvarmağa”, yəni bilavasitə bu qurumun qapısını döyməyə üstünlük verir. Bu isə sözügedən qurumdakı bəzi məmurlara qaz vurub qazan doldurmağa imkan verir.
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, adıçəkilən qurumda sırf bu sahədə “ixtisaslaşan” məmurlar da var ki, bunlardan da biri “Baksovet Kamil”dir. İcra başçısı Eldar Əzizovun etimadından sui-istifadə edərək ondan xəbərsiz çoxlu sayda qanunsuz tikinti prosesinə qanuni don geyindirən, külli miqdarda rüşvət qarşılığında imzalanmaması gərkən sənədləri imzalayan “Baksovet Kamil”, “zəhməti müqabilində” böyük pullar qazanmaqdadır.
Ömrünün ixtiyar vaxtında “yaşamağın yolunu tapan” bu şəxs xidmət göstərdiyi məmurların səxavətindən də gen-bol yararlanmaqda, onlardan dəyəri on və yüz min manatlarla hesablanan hədiyyələr almaqdadır. Onun cari ildə aldığı bu tip hədiyyələrdən biri də qiyməti təxminin 30 min dollar dəyərində olan avtomobil olub. Elektriklə işləyən bu avtomobil “Baksovet Kamil”ə məşhur iş adamlarından biri tərəfindən verilib. Yenixeber.org-a daxil olan məlumata görə, “Baksovet Kamil” öncə hədiyyəni qəbul etməyə ehtiyat etsə də, daha sonra bunu bir şərtlə qəbul edə biləcəyini bildirib. O, qeyd edib ki, gərək bundan heç kimin, xüsusilə də Eldar Əzizovun xəbəri olmasın. Bu barədə qarşı tərəfdən təminat alan “Baksovet Kamil” hədiyyə avtomobili halal dədə-baba mirası kimi qəbul edib.
Növbəti yazılarımızda sizi “Baksovet Kamil”in kimliyi, icra hakimiyyətindəki vəzifəsi və yol verdiyi qanunsuzluqlarla bağlı daha ətraflı məlumat verəcəyik.
P.S: Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən də mövqe öyrənə bildik. Qurumun Mətbuat Xidmətindən bildirdilər ki, tikintiyə sorumlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu olan “Memarlıq və Şəhərsalma idarəsi” 2018-ci ildən Dövlət Arxitektura və Şəhərsalma Komittəsinin nəzdində fəaliyyər göstərir. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyətinin heç bir tikintiyə müdaxilə etmək hüququ və vəzifəsi yoxdur. (Yenixeber.org )