Cəmiyyət

DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT

Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər şəxslərinin qanunsuz əməlləri ilə bağlı “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayon sakini olan, müəyyən səbəblərdən ad-soyadını hələ açıqlamağımızı istəməyən sərhədçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən hərbiçiyəm. Naxçıvan Muxtar Respublikasının Culfa rayonundanam. 2011-ci il tarixdə təyinatla Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N sayılı hərbi hissəsinə gəlmişəm. 2023-cü ilin iyun ayınadək burada xidmət etmişəm.

Həyat yoldaşım 2017-ci ildən Nazirlər Kabinetinin Hərbi qulluqçuların statusu haqqında (Hərbi qulluqçuların həyat yoldaşlarının işlə təmin olunması) qanununa əsasən, Şəki şəhərində yerləşən Mərkəzi xəstəxanada Tibb bacısı işləyir.

2023-cü ilin iyun ayında Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov xidmət yerimi Zaqatala şəhərində yerləşən Sərhəd Qoşunlarının N sayılı hərbi hissəsinə dəyişdi.

Hazırda həyat yoldaşım işi ilə əlaqədar Şəki şəhərində, mən isə Zaqatala şəhərində işləyirəm.

Həyat yoldaşım dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyevə müraciət edib. Yəni 6 dəfə elektron qaydada, 1 dəfə Şəki şəhərində yerləşən “Azərpoçt” vasitəsilə yazılı məktub ünvanlayıb ki, məni və ya həyat yoldaşımı qəbul edin. Buna baxmayaraq, Sərhəd Qoşunlarının komandanı məktublarımızın DSX rəisinə çatmasına maneçilik törədir.

Sərhəd Qoşunlarının komandan qəbulunda olanda da mənə dedi ki, səni mən “ratasiya” etmişəm. Mən də sual verdim ki, “ratasiya” edərkən hərbi qulluqçunun ailə vəziyyəti nəzərə alınmır? Dedim ki, mənim xidmət yerimi dəyişdirdiniz, lap yaxşı, xahiş edirəm, həyat yoldaşımın da mənim xidmət etdiyim ərazi üzrə yerdəyişmə təyinatını təmin edin. General-leytenant Araz Məmmədov mənə şəxsən bildirdi ki, ya həyat yoldaşını işdən çıxarıb yanına apar, ya da tərxis ol.

13 il 6 aydır xidmət edirəm, niyə tərxis olmalıyam?! Sadəcə, mənim sizə müraciətimin səbəbi odur ki, DSX rəisi ya müavinlərinin birini Zaqatala şəhərinə göndərsin, ya da özü şəxsən təşrif buyursun. Axı, nəyə görə hərbi qulluqçunun müraciəti Sərhəd Qoşunlarının komandanı tərfindən rədd edilir və DSX rəisinə müraciətinin ünvanına çatmasının qarşısı alınır?!”

Paylaş: