Dünən dayanacaqda bir birləri ilə yüksək səslə danışan iki qadının söhbəti diqqətimi çəkdi.
-Hardasan qonşu, aylardır, üzünü görmürəm?
-Harda olacam, bacı, səhər get, gecə saat 12 də gəl, insanda hal qalar?
-Neçədən neçəyə işləyirsən?
-Səhər saat 9-dan gecə 11-ə. Evə gəlib çatana qədər 12 olur.
-Yox mən sənə baxanda şükürlüyəm. Gecə 10-a qədər işləyirəm.
-Gününə nə qədər verir?
-15 manat. Qab yuyuram, təmizlik işləri, lazım olanda aşpaza da kömək edirəm.
Bu söhbətin gerisi maraqlı olmasa da Azərbaycanda bu qədər uzun saat işləyib az əmək haqqı almaq problemi demək olar ki, əksər ailələrdə var. Və heç də ürəkaçan mənzərə deyil.
Əmək qanunvericiliyi üzrə konsultant, insan resursları üzrə təlimçi Müşfiq Əmircanov bildirib ki, bu kimi hallar yolverilməzdir və qanundankənardır. “Burda gündəlik 8 saatlıq iş vaxtı tələbi pozulur. Həm də aylıq maaş minimum əmək haqqından aşağı olursa o da pozuntudur. Hə də baxmaq lazımdır ki, bu xanımların maaşı ümumiyyətlə rəsmidirmi? Deyilsə bu qədər əziyyətin qarşısında pensiya təminatı da olmur. Belə olan halda işçi ya qanunla haqqını tələb etməli, ya da sadəcə işdən çıxmalıdır. Əmək müqaviləsi işçini qoruyur. Onun bağlanmaması bu kimi işəgötürənlərin işinə yarayır. İşçilərin işəgötürən qarşısında kollektiv və ya fərdi tələbləri ola bilər. Sırf öz hüquqlarının pozulması ilə bağlı işçi məhkəmələrə müraciət edə bilər. Amma bu sahədə ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərə yardımçı olur. Onlar nazirliyin qaynar xəttinə müraciət etməklə və ya birbaşa ərizə ilə həmin dövlət orqanına müraciət edə bilər. Təbii ki, təcrübədə çox da istifadə edilməsə belə işçilərin qanunvericilikdə tətil etmə hüququ da vardır”.
İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, “Azərbaycan orta aylıq əmək haqqı göstəricinə görə hələ də autsayderlər sırasındadır.
Bu qənaəti MDB Statistika Komitəsinin hesablamaları təsdiq edir.
MDB Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 320 avro və ya 355 dollar təşkil edib. Bu göstərici sentyabr artımları nəzərə alınmaqla hesablansa da hələ də Azərbaycan orta aylıq əmək haqqı göstəricinə görə qonşu Ermənistan və Gürcüstandan geri qalır. Umumiyyətlə isə Azərbaycan əmək haqqı göstəricisinə görə MDB məkanında yalnız Qırğızıstan, Özbəkistan və Tajikistandan irəli çıxa bilib, Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Moldova və qonşu Qafqaz ölkələrindən geri qalır”.
İlhamə Rəsulova