FHN: Təhlükəsizlik qaydalarını hər kəs bilməlidir
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
– ağac tezalışan oyuncaqla bəzədilməməli;
– qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
– şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
– şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
– pəncərədə dəmir barmaqlıq olmamalı;
– məkanın iki çıxışı olmalı;
– ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
– otağın qapıları mütləq bayıra açılmalı;
– məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
– şənlikdə işıq tam söndürülməməli;
– şənliyə tezalışan materialdan paltar geyinilməməli;
– məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!