Ümumiyyətlə Xəzər rayonunda aparılan qanunsuz tikintilərlə bağlı həm biz, həm digər saytlarda dəfələrlə məlumatlar dərc olunub. Ötən yazımızda da qeyd etdiyimiz kimi, hətta bu barədə redaksiyamıza da çoxsaylı müraciətlər gəlməkdədir.
Odur ki, əməkdaşlarımız adlarının çəkilməsini istəməyən şəxslər tərəfindən redaksiyamıza göndərilən məlumatları dəqiqləşdirmək üçün yollandılar Xəzər rayonuna. Tikintiyə başlamazdan əvvəl yerli icra hakimiyyətinin “xeyir-dua”sını almaq üçün verilən “şirinliyin” 7 min manatdan başladığını deyən Xəzər sakinlərinin nişan verdikləri ünvanlarda gördüklərimiz bizi heyrətə gətirdi.
Təsəvvür edin ki, nə işıq, nə qaz xəttinin olmadığı geniş bir ərazidə dib-dibə bünövrəsi qoyulan və həyətində tikinti daşları qalaqlanmış həmin o, kənd təsərrüfatı təyinatlı ərazidir ki, yuxarıda “tikinti tarlası” adlandırmışıq.
Qeyd edək ki, Binə qəsəbəsindəki kateqoriyası təsərrüfat təyinatlı olan o, ərazidə bəzi tikintilərin yarımçıq saxlanıldığını, tikintinin davam etdirilməsinə yol verilmədiyini də aydın görmək mümkün idi. Bəlkə də həmin yarımçıq tikintilərin yanında artıq inşası başa çatmış yaşayış evlərini görməsəydik Elşən Salahov idarəçiliyi barəsində dərc olunan qalaq-qalaq yazıların onların dili ilə desək “şər-böhtan” olduğuna biz də inanardıq.
Amma, bütün bunlar hələ gördüklərimizin cəmi bir hissəsidir. Binə qəsəbəsində Zahid Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyn Cavid küçəsi döngə 5 və digər ünvanlarda hazırda bir neçə qanunsu tikintilərin aparıldığının şahidi olan əməkdaşlarımız buna dair görüntüləri də lentə alıblar.
Vurğulamaq istəyirik ki, sözügedən tikintilər arasında böyük villa və iaşə obyektləri də var ki, onların da böyüklüyü və əsas yolun üstündə olması heç də o, tikintilərin gizlin aparılmadığının təminatıdır.
Mənbə: Dogruxeber.az









