Rusiya Prezidenti Vladimir Putin Ermənistanın eks-prezidenti Robert Köçəryanı Yeni il bayramı münasibətilə təbrik edib.
O, Köçəryana möhkəm can sağlamlığı, mətinlik və nikbinlik arzulayıb. “Rusiyada sizin dostluğumuzun inkişafına və dövlətlərimizin qarşılıqlı əməkdaşlığında böyük xidmətiniz var”, – deyə məktubda deyilir.
Xatırladaq ki, V.Putin ötən ildə yeni il bayramı münasibəti ilə R.Köçəryanı həbsxanada təbrik etmişdi. Rusiya prezidentinin bu addımı Nikol Paşinyan hökumətinə təzyiq kimi qiymətləndirilir. Son zamanlar rəsmi Moskva və İrəvan arasında müəyyən yaxınlaşma müşahidə olunsa da, Kreml Köçəryan kartından imtina etmək niyyətində görünmür.
Sergey Lavrovun noyabr ayında İrəvana səfəri zamanı Dağlıq Qarabağ probleminə dair danışıqlar formatının dəyişdirilməsi ilə bağlı Nikol Paşinyanın mövqeyini dəstəkləməsi tərəflər arasındakı soyuqluğu aradan qaldıra bilib. Bunun ardınca isə Paşinyanın Ermənistanın Qərbə deyil, Avrasiya İqtisadi Birliyinə inteqrasiya edəcəyinə dair bəyanatı məhz qarşılıqlı kompromisin tapılmasına hesablanmışdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Köçəryanın həbsinin Ermənistanla əlaqələrə mane olmadığını söyləməklə eks-prezidentə görə Kremlin strateji maraqlarından imtina etməyəcəyini vurğulayıb. Ancaq Putinin Köçəryanı təbrik etməsi Moskvanın onu qurban vermədiyini təsdiq edir.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, Rusiya Prezidenti Köçəryana münasibətdə şəxsi dostluq münasibətlərini unutmaq istəmir.
Lakin Putinin Köçəryanı təbrik etməsi Rusiyanın onu hakimiyyətə qaytarmaq niyyəti kimi başa düşülməməlidir:
“Putin Köçəryanın prezidentliyi dövründə onunla şəxsi dostluq münasibətləri qura bilmişdi. Köçəryan Kremlə çox yaxın olan rusiyalı iş adamı Yevtuşenkonun şirkətində səhm payına malikdir və həm də İdarə Heyətinin üzvlərindən biridir. Lakin Moskva Köçəryanı hakimiyyətə gətirmək istəmir. İlk növbədə ona görə ki, Robert Köçəryanın Ermənistan cəmiyyətində nüfuzu çox aşağıdır. O, Dağlıq Qarabağda olduğu və Ermənistanda hakimiyyətə gəldikdən sonra özünü çox qəddar aparıb, bir sıra ağır cinayətlərlə məşğul olub. Hətta dinc nümayişin gülləbaran edilməsində onun əli var. Hətta 1999-cu ildə parlamentin gülləbaran edilməsi, spiker Karen Dəmirçyanın, Baş nazir Sarkisyanın və deputatların öldürülməsi ssenarisini də Robert Köçəryan hazırlamışdı. Ümumiyyətlə, Ermənistan elektoratı Köçəryanı qəbul etmir. Hətta Serj Sarkisyanın nüfuzu Köçəryanla müqayisədə daha üstündür. Hazırda Köçəryanın həbsxanada olması Rusiya üçün strateji məsələ deyil. Yəni bu daha çox taktiki əhəmiyyət kəsb edir. Çünki Paşinyan hakimiyyəti özünü Moskvanın gözləntilərinə uyğun şəkildə doğrultmur. Putin Köçəryanı təbrik etməklə Paşinyana “Biz uzaqda deyilik, yaxındayıq” mesajını vermək istəyir. Yəni Paşinyana xəbərdarlıq edir ki, anti-Rusiya meyilli insanların kampaniyasına qoşulmasın. Əslində, Köçəryan istərdi ki, hakimiyyətdə olsun. Xüsusilə də Dağlıq Qarabağda qarşıdan gələn qondarma prezident seçkilərində iştirak edrək həmin bölgəni ələ alsın və onun üzərindən köhnə ssenari üzrə gələcək kursunu qursun. Ancaq çox güman ki, həmin seçkilərə qədər Köçəryan həbsdən çıxa bilməyəcək. Hətta böyük bir təhlükə Serj Sarkisyanı da gözləyir. Moskva da bu proseslərdən məlumatlıdır. Rusiya Paşinyana təsir göstərə bilər. Ancaq hələlik Moskva bu proseslərdə yetərincə fəallıq göstərmir və qeyri-proporsional tədbirlərin görülməsini məqbul saymır. Yalnız seçkilərdən sonra məlum olacaq ki, Ermənistanda əsas diskurs nədən ibarətdir. Həm Ermənistanda, həm də işğal olunmuş torpaqlarda üstünlüyə malik qüvvə “seçkilər”dən sonra müəyyənləşəcək”.