XİN: 2019-cu ildə Aİ ilə yeni ikitərəfli saziş layihəsi üzərində intensiv danışıqlar davam etdirilib
2019-cu ildə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli Saziş layihəsi üzərində intensiv danışıqlar davam etdirilib.
APA-nın xəbərinə görə, bu barədə 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında bildirilib.
Qeyd olunub ki, 19 fevral tarixində Bakıda Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun görüşü keçirilib ki, Aİ-nin dünyada cəmi 7 ölkə ilə bu sahədə yüksək səviyyəli dialoqu mövcuddur: “19 dekabr tarixində keçirilmiş Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu görüşündə tərəflər qarşılıqlı maraq doğuran vacib siyasi və təhlükəsizlik məsələləri, o cümlədən münaqişələrin həlli və böhranların idarə olunması, regional və beynəlxalq təhlükəsizliyə olan təhdid və çağırışlar ətrafında fikir mübadiləsi aparmış və praktiki əməkdaşlıq imkanlarını müzakirə ediblər. Aİ tərəfi Aİ rəsmilərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə ifadə etdiyi dəstəyi bir daha təsdiq edib”.