Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.
Namizədlərin qeydə alınması prosesi yanvarın 17-də yekunlaşacaq. Fevralın 9-a nəzərdə tutulan seçkilərdə siyasi partiyaların əksəriyyəti iştirak edəcək. Bir sıra partiyaların sədrləri artıq namizədliklərini irəli sürüb. Onların bəzilərinin namizədliyi qeydə alınıb, digərləri baxılma prosesindədir.
Cebhe.info xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Prezident olduğuna görə hakim partiya seçkilərdə təşkilati orqanların üzvlərinin namizədliklərini irəli sürüb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası da seçkidə iştirak edəcəyini ilk günlərdən bəyan edib.
Partiyanın sədri Razi Nurullayev namizədliyini 79 saylı İmişli Seçki Dairəsindən irəli sürüb. Artıq Razi Nurullayevin namizədliyi qeydə alınıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı 15 saylı Yasamal I Seçki Dairəsindən namizəddir.
Lakin onun namizədliyinin qeydə alınması məsələ hələ tam həllini tapmayıb.
Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də deputatlığa namizədlər arasındadır.
19 saylı Nərimanov I Seçki Dairəsindən seçkiyə qatılan İsa Qəmbərin namizədliyi təqdiqlənib.
Ümid Partiyasının sədri İqbal Ağazadə 35 saylı Xətai III Seçki Dairəsindən namizəddir. İqbal Ağazadənin namizədliyinin qeydə alınması məsələsinə Dairə Seçki Komissiyası yaxın günlərdə baxacaq. Adıçəkilən dairədən hazırda deputat olan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə növbəti müddətə seçkilərə qatılmaqdan imtina edib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da öz namizədliyini 15 saylı Yasamal I Seçki Dairəsindən irəli sürüb. Cebhe.info-ya açıqlamasında məlumatı təsdiqləyən ADP sədri yaxın günlərdə namizliyinin DSK tərəfindən qeydə alınacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, həmin dairədə müxalifətin iki güclü namizədi üz-üzə gələcək. Sərdar Cəlaloğlu və Arif Hacılı arasında ciddi rəqabətin gedəcəyi gözlənilir. Məsələyə münasibətini açıqlayan Sərdar Cəlaloğlu Arif Hacılıya qalib gəlmək şansına malik olduğunu deyib: “Mən Arif Hacılını ciddi rəqib hesab etmirəm. Çünki bundan əvvəlki seçkilərdə Arif bəydən daha nüfuzlu olan İsa Qəmbər 15 saylı I seçki Dairəsindən namizəd idi və doğrudur, səsvermənin nəticələri şübhəli olsa da, o, adi bir jurnalistə məğlub olmuşdu. Ona görə də mən həmin dairədə Müsavat Partiyasının qeyri-adi dərəcədə dəstəyə malik olduğunu düşünmürəm. Hətta bir çox müsavatçılar mənim seçki qərargahımda mənə dəstək verir və mənim vəkilim kimi çıxış edir. Bu baxımdan, mən Arif Hacılını özümə əsas rəqib kimi görmürəm. Mənim əsas rəqibim bitərəf kimi öz namizədliyini irəli sürmüş şəxsdir. Amma ola bilsin ki, rəsmi siyahıda olanların bir çoxu seçilməsin, əvəzində bitərəf namizədlərə üstünlük verilsin. Bu da prosesin gedişində məlum olacaq. Hələlik mənim namizəd olduğum dairədə rəsmi səviyyədə kimə dəstək verildiyi bəlli deyil. Bu, seçkinin gedişində aydın olacaq”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən Milli Məclisin deputatlığı uğrunda növbəti dəfə yarışa qatılacaq. Artıq DSK Fazil Mustafanın namizədliyi qeydə alıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb. Dairə Seçki Komissiyası tərəfindən namizədliyi təsdiq edilmiş Q.Həsənquliyev təbliğat-təşviqat kampaniyasına hazırlaşır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 61 saylı Neftçala Seçki Dairəsindən namizəddir. 2015-ci ildə bir daha deputat olmayacağını və yerini gənclərə vermək istədiyini deyən S.Rüstəmxanlı fikrini dəyişərək yenidən mandat uğrunda rəqabətə qoşulub. VHP sədrinin namizədliyi artıq qeydə alınıb.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 9 saylı Binəqədi Seçki Dairəsindən deputatlığa namizəddir. Onun namizədliyi də DSK tərəfindən qeydə alınıb.
AĞ Partiyanın (Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı 21 saylı Nəsimi Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, sənədlərini DSK-ya təqdim etsə də, hələlik namizədliyinin təsdiq olunması barədə məsələyə baxılmayıb.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da növbəti dəfə deputat olmağa iddialıdır. Fəzail Ağamalının namizədliyi 60 Saylı Salyan-Neftçala Seçki Dairəsindən qeydə alınıb.
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Alisahib Huseynov 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizəddir. DADP sədrinin namizədliyi DSK tərəfindən təsdiqlənib.
Azərbaycan Milli İstiqlal Partiyası da seçkiyə sədrsiz gedəcək. Buna səbəb 2015-ci ildən bəri AMİP sədri postuna yeni şəxsin seçilməməsidir.