Cəmiyyət

Xətləri çəkilsə də, 6 ildir suları yoxdur

Tovuzun Düz Cırdaxanı kəndinə illər əvvəl su xətləri çəkilsə də, 60 ev təxminən 6 ildir susuz qalıb.

“Zirvə yolu” İTV-yə istinadən xəbər verir ki, kənd sakinləri gündəlik təlabatlarını ödəmək üçün ayda bir neçə dəfə pul xərcləməli olurlar.

Onların sözlərinə görə 5 ton su 25-30 manata başa gəlir, bu da bir ailəyə ən çoxu bir həftə və ya 10 gün bəs edir:

“Kənd camaatı o qədər sudan əziyyət çəkir ki, arxdan gələn çirkli sudan da istifadə edirlər. Suyu çənlərə doldurub, durulduruq. Mal-qara, toyuq-cücənin hamısı da həmin sudan istifadə edir. Özümüz də maşınla su gətirdirik, o da uzun müddət bəs etmir. Kran suyumuz yoxdur, ona görə də əziyyət çəkirik”.

Düz Cırdaxanlıların su problemi ilə bağlı Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, kənd ərazisində 9 ədəd bulaq mövcuddur: “Oradakı əhalinin su təminatı məhz bu bulaqlar vasitəsi ilə həyata keçirilir. Həmçinin xidmətin mərkəzləşmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə, o cümlədən qeyd olunan kənddə Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sistemlərinin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb.Layihənin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir”. 

Paylaş: