
Kino Agentliyinin baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov kino sahəsində görülən işlər, gözlənilən yeniliklərlə bağlı sualları cavablandırıb.
“Zirveyolu.info” həmin müsahibəni təqdim edir:
– Elxan müəllim, son illərdə Kino Agentliyinin fəaliyyəti nəticəsində kino sahəsində hansı əsas nəticələrə nail olunub?
– Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb. Onlardan 21-i tammetrajlı bədii, 15-i sənədli və bədii-sənədli, 26-sı qısametrajlı, 8-i animasiya, biri isə çoxseriyalı bədii filmdir. Bu günə qədər 41 film artıq tamamlanıb və təhvil verilib, 30 layihə isə istehsalatdadır. Ümumilikdə, kino istehsalına 21 milyon manatdan çox vəsait ayrılıb. Bu, Azərbaycan kinosu üçün kifayət qədər ciddi göstəricidir.
– Dövlət maliyyələşməsi sistemində hansı yeniliklər baş verib?
– Əvvəllər dövlət həm sifarişçi, həm də icraçı kimi çıxış edirdi. Yəni həm pulu ayırır, həm də özü çəkirdi. Amma son illərdə aparılan islahatlar bu modeli tam dəyişdi. İndi dövlət yalnız sifarişçi rolundadır, icraçılar isə şəffaf müsabiqə yolu ilə seçilən özəl studiyalardır. Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir. Filmlərin yaradıcılıq keyfiyyətini isə Bədii Şura qiymətləndirir. Bu, daha şəffaf və ədalətli bir sistemdir.
– Bu dəyişikliklər kino istehsalına necə təsir edib?
– Əvvəl cəmi 3–4 şirkət film çəkirdi, indi isə onlarla yeni studiya və müstəqil prodüser bu prosesə qoşulub. Bu, həm rəqabəti artırdı, həm də gənc rejissorların qarşısında yeni qapılar açdı.
Bu gün həm tanınmış, həm də gənc rejissorlar öz filmlərini çəkir, yeni adlar üzə çıxır. Ən gözəl tərəfi isə odur ki, bu layihələrin çoxunda “Azərbaycanfilm” kinostudiyasının bazasından aktiv istifadə edilir.Yəni milli kino ənənəmizlə müasir istehsal bir aradadır.
mədəniyyət, digər tərəfdən iqtisadi dəyər yaradır. Üstəlik, bu, ideoloji və insan kapitalı baxımından da çox önəmlidir. Onu da qeyd edim ki, xarici istehsalçıların ölkə ərazisində çəkilişlərinin aktivliyi ildən ilə artır. Bunun əsas səbələrindən biri də cənab president tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin yaradılması ilə bağlıdır. Bildiyiniz kimi, bununla bağlı Nazirlər Kabineti tərəfindən artıq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.
– Bəs, bu gün kino sahəsinin qarşısında duran əsas məqsədlər nələrdir?
– Kino sənayesi çoxşaxəli bir sahədir. Burada həm milli mədəniyyətin qorunması, həm də iqtisadi inkişaf bir-birini tamamlayır. Prezidentin müəyyən etdiyi kino strategiyası çərçivəsində Kino Agentliyi bu istiqamətdə ardıcıl işləyir və artıq real nəticələr də var. Bu il üçün dövlət sifarişinin prioritet mövzuları Qarabağ Zəfəri və Böyük Qayıdış, mədəni irsimizin bərpası, müasir Azərbaycan şəxsiyyətləri, milli dəyərlər, ailə institutunun qorunması və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsidir. Qısası, indi danışmaq yox, işləmək vaxtıdır. Məqsədimiz təkcə film çəkmək deyil, Azərbaycan kinosunu həm məzmun, həm forma, həm də keyfiyyət baxımından yeni mərhələyə çıxarmaqdır.





