
Oktyabrın 31-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
“Zirveyolu.info” xəbər verir ki, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, hakimlər, məhkəmə ictimaiyyətinin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmət edir. Vurğulanıb ki, elektron məhkəmə sistemlərinin tətbiqi, hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərin hüquq sahəsinə marağının artması bu sahədə mühüm nailiyyətlərdəndir.
Qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun hüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətə inamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Azərbaycan xalqı bu il təkcə Konstitusiyanın qəbulunun ildönümünü deyil, həm də onun prinsiplərinin həyatda bərpası mərhələsini yaşayır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının təminatçısına çevrilib. Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tam bərpa edilib. Bu qələbə təkcə hərbi deyil, həm də hüquqi və konstitusion ədalətin bərpasıdır. Azad olunmuş ərazilərdə aparılan bərpa və məskunlaşma prosesi, o cümlədən Xankəndidə yaradılan müasir infrastruktur, Konstitusiyanın insan rifahı və ədalət prinsiplərinin təzahürüdür.
dövlətin daxili hüququ ilə beynəlxalq hüququn qarşılıqlı əlaqəsini tənzimləyən bir sənəd kimi, məhkəmələrə beynəlxalq hüquq normalarını tətbiq etmək imkanı verir. Bu proses, beynəlxalq hüququn üstünlüyünü və onun Azərbaycan hüququ ilə harmonizasiyasını təmin edir. Konstitusiyanın bəzi maddələri, xüsusən insan hüquqlarına aid olanlar, beynəlxalq hüquq normalarının tətbiqi üçün hüquqi çərçivə yaradır.
Xankəndi Şəhər Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev çıxışında bildirib ki, müstəqilliyin əldə edilməsindən sonra müasir dövrün reallıqlarına cavab verən Konstitusiyanın qəbul olunması zərurət idi. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası dövlət tariximizdə ən əlamətdar hadisələrdən biridir. Vurğulanıb ki, məhkəmə hakimiyyəti cəmiyyətin sabitliyini və davamlı inkişafını təmin edən, eyni zamanda iqtisadi inkişafa stimul verən mühüm institutdur. Cəmiyyətin dinamik inkişafı Konstitusiyanın daim təkmilləşdirilməsini və dövrün çağırışlarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə sisteminin müasirləşdirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır.
Sonda Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva və Mülki Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev tələbələr qarşısında çıxış edərək Ali Məhkəmənin fəaliyyəti və rəhbərlik etdikləri kollegiyaların iş istiqamətləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tələbələri maraqlandıran suallar cavablandırılıb.






