Fevral ayının 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.
Qanunvericiliyə görə, ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək.
Ödənişli təbliğata gəlincə, İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır.
Bəs bu qiymətlər öz təşəbbüsü ilə namizədliyini irəli sürən namizədləri qane edir mi? Göstərilən qiymətlər namizədlərin təbliğat-təşviqat kampaniyasına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Anews.az müstəqil namizədlər arasında sorğu keçirdib.
34 saylı Xətai ikinci seçki dairəsindən namizədliyini irəli sürən hüquqşünas Səməd Rəhimli deyir ki, qiymətlər Azərbaycanda bazarın real vəziyyətini əks etdirmir:
“Həm siyasi partiyaların namizədləri, həm öz təşəbbüsü ilə namizəd olan şəxslər üçün qeyri-münasibdir. Həmçinin İctimai televiziyanın dövlət hesabına maliyyələşməsini də nəzərə almaq lazımdır və buna görə də İTV daha münasib qiymətlər təklif etməli idi”.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən Əhliman Abbasov İqtisad Universitetində müəllim kimi çalışır. O deyir ki, universitet müəllimi kimi göstərilən qiymətlər ödəyə biləcəyi bir məbləğ deyil:
“Kampaniya üçün ianə toplamaq lazımdır. Siyasi ianə ənənəsi isə hələ də Azərbaycanda yaxşı oturuşmayıb”.
23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürən iqtisadçı Toğrul Vəliyev bildirib ki, İTV dövlət kanalı olsa da ictimai maraqlara xidmət etmir:
“Bildiyiniz kimi Azərbaycanda majoritar sistem mövcuddur. Hər dairədən müxtəlif deputatlar seçilir. Əgər bir partiya 60-dan çox namizədini irəli sürürsə pulsuz efir vaxtı alır. Digər namizədlər isə pulsuz efir vaxtından məhrum olur və məcburdurlar ki, 1 dəqiqəyə görə minumum 1500 manat, maksimum 4500 manat pul ödəsinlər. Beləliklə, qeyri-bərabərlik yaranır. Seçki məcəlləsinə görə, Azərbaycanda bütün namizədlərə bərabər şərait yaradılmalıdır.
Bütün dünyada ictimai tv kanalları əsasən əhalinin vergiləri hesabına, dövlət büdcəsindən ayrılan vəsait hesabına yaşayır. Yəni hər hansısa özəl kanalda bu qiymətlər göstərilsəydi ciddi problem sayılmazdı. Amma İTV dövlət kanalıdır və o ictimai maraqlara xidmət etməlidir.
Nəticədə isə biz YAP partiyasına pulsuz efirin verildiyini, digər namizədlərin isə bundan məhrum olunduğunu görürük. Bu isə bərabərsizlik və ədalətsizlikdir”.
17 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş siyasətçi Azər Qasımlı cavabında bildirib ki, İTV efiri pulsuz etməlidir və pulsuz debatlar təşkil olunmalıdır:
“İTV ictimai kanaldır. Bizə məxsus olan efiri bizə satmaq istəyir. Elə qiymət də qoyulur ki, efir boş qalsın”.
Öz təşəbbüsü əsasında 61saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürən təhsil eksperti Kamran Əsədov bildirib ki, ödənişli efir üçün qiymətlər baha olsa da, bu fürsətdən maksimum yararlanacaq.
Namizəd vurğulayıb ki, seçkilər növbədənkənar olduğuna görə, namizədliyini irəli sürdüyü Neftçala rayonunda seçicilərin hər biri ilə görüşmək mümkün deyil. Buna görə də o, elektron resurslardan, sayt və TV-lərdən istifadə etməlidir:
“Nəzərə alsaq ki, mən Neftçala 61 saylı seçki dairəsindən namizədliyimi isrəli sürmüşəm.Təbliğat üçün 23 gün vaxt ayrılıb, bu müddət ərzində Neftçaladakı 58 yaşayış məntəqəsinin hər birində 42 min seçici ilə görüşmək praktik olaraq mümkün deyil. Bu mümkün olsa belə keyfiyyətli olmayacaq. Bunun üçün ən optimal resurs İTV-dir. Çünki bütün bölgələrdə izlənilir. Hazırda ən baxımlı kanaldır və onun efirindən istifadə etmək çox effektiv olardı. Ona görə də imkanlı şəxslərdən, seçilməyimi istəyənlərdən bank hesabıma ianə vermələrini xahiş edəcəm və mütləq şəkildə bu imkandan istifadə edəcəm. Ümid edirdim ki, dövlət tərəfindən azı 5 min manat təbliğat işləri ilə məşğul olmaq üçün vəsait ayrılacaq, amma bu baş vermədi. Hələ 17 yanvara bir qədər var. O vaxta qədər arzu edirəm ki, dövlət tərəfindən seçki prosesinin daha da aktiv olması üçün vəsait ayrılacaq”.
10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə namizədliyini verən gənc fəal Rəbiyyə Məmmədovanın sözlərinə görə, vətəndaşların vergisi hesabına fəaliyyət göstərən İTV müstəqil namizədlərə süni şəkildə maneələr yaradır:
“Müstəqil namizədlər heç bir siyasi partiya mənsubu olmadıqlarına görə partiya dəstəyi də almırlar.
Vətəndaşların vergisi hesabına işləyən İTV belə çıxır ki, müstəqil namizədlər üçün kosmik gələ biləcək bir rəqəm deyir. Bir növ alternativ fikir söyləyə biləcək müstəqil namizədlərin süni şəkildə qarşısını alır. Düşünürəm ki, göstərilən qiymətlər ədalətsiz qiymətləndirmədir”.
41 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürən həkim Vasif İsmayıl da göstərilən qiymətlərin uyğun olmadığını bildirib.