
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, son beş ildə Azərbaycanda muzdlu işçilərin sayı əsasən artım meyli ilə müşahidə olunub.
“Zirveyolu.info” xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin sentyabr ayının sonunda ölkədə 1 699,3 min muzdlu işçi fəaliyyət göstərirdisə, 2022-ci ildə bu göstərici 1 727,9 min nəfərə yüksəlib. Bu da 1,7% (28,6 min nəfər) artım deməkdir.
2023-cü ildə muzdlu işçilərin sayında cüzi azalma qeydə alınıb və göstərici 1 719,8 min nəfər təşkil edib. Bu, əvvəlki illə müqayisədə 0,5% (8,1 min nəfər) azalma deməkdir.
Lakin növbəti illərdə artım tendensiyası bərpa olunub. 2024-cü ildə muzdlu işçilərin sayı 1 768,3 min nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,8% (48,5 min nəfər) artım deməkdir.
2025-ci ilin sentyabr ayının sonuna olan məlumata əsasən, artım dinamikası davam edib və muzdlu işçilərin sayı 1 781,4 min nəfərə yüksəlib. Bu isə son bir ildə 0,7% (13,1 min nəfər) artımın qeydə alınması deməkdir.
MTM bildirir ki, son 5 ildə muzdlu məşğulluqda ümumi artım tendensiyası əmək bazarının genişlənməsi və rəsmi məşğulluğun artması ilə bağlıdır.
Qeyd edək ki, ümumilikdə 2021–2025-ci illər ərzində muzdlu işçilərin sayı 82,1 min nəfər və ya 4,8% artıb. Bu dinamika ölkədə məşğulluq bazasının genişləndiyini göstərir.




