
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə BMT və onun ixtisaslaşmış qurumları ilə uzunmüddətli əməkdaşlığın ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük probleminin yaratdığı çətinliklərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığı qeyd edilib.
Həmçinin bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətdə də daim prioritet istiqamətlərindən olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ictimai-siyasi fəaliyyətində də bu kateqoriyadan olan xüsusi insanlara diqqət və qayğı göstərilməsi mühüm yer tutub.
Vladanka Andreyevanın ölkəmizdə öz missiyasını dövlətimiz və xalqımız üçün çox əlamətdar bir dövrdə uğurla yerinə yetirdiyi vurğulanıb. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində məcburi köçkünlərin doğma yurd yerlərinə geri dönüşü başlayıb və Böyük Qayıdışa dair I Dövlət Proqramı icra edilir. Azərbaycan hökumətinin qayıdış prosesinin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə aparılmasını təmin etmək üçün gördüyü tədbirlərin, Qarabağda və Şərqi Zəngəzurda gedən genişmiqyaslı bərpa-quruculuq işlərin beynəlxalq miqyasda maraqla qarşılandığı vurğulanıb. Eyni zamanda, həmin ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin hələ də qaldığı, beynəlxalq təşkilatların bu təhlükənin aradan qaldırılması sahəsində ölkəmizlə davamlı əməkdaşlığının vacibliyinə toxunulub.





