Yəqin ki, Şəmkirdə fəaliyyyət göstərən “Şəmkir Xeyriyyəçilər Birliyi”nin fəaliyyəti haqda əksəriyyət məlumatlıdır. Əldə etdiyimiz şifahi məlumnatlara görə, bu birlik təqribən bir ildən çoxdur ki, fəaliyyət göstərməkdədir və öz ətrafında dünyanın müxtəlif ölkələrində çalışan şəmkirli iş adamlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olan gəncləri, bəzi məmurları, yerli sahibkarları və s. birləşdirir. Bir sözlə, hal-hazırda “Şəmkir Xeyriyyəçilər Birliyi”nin 300 nəfər üzvünün olduğu vurğulanır. Birliyin rayon rəhbərliyi tərəfindən dəstəklənməsi, məhz onun fəaliyyət dairəsinin daha da genişlənməsinə imkanlar yaradır və bu qurumun idarə heyyətinin yerli gənc sahibkarlardan təşkil olunduğu da bildirilir. “Şəmkir Xeyriyyəçilər Birliyi”nin fəaliyyət istiqamətləri haqda məlumatları eşidən hər kəs, sanki daxilən iftixar hissi keçirir və bu işin təşkilatçılarına, əməyi olan hər kəsə o böyük Yaradandan uzun ömür, cansağlığı da diləyirlər. Bir anlığa diqqət yetirək ki, “Şəmkir Xeyriyyəçilər Birliyi” tərəfindən hər ay aztəminatlı ailələrə orta hesabla 70 manatlıq ərzaq məhsulları verilir, ilin əziz günlərində ət paylanılır, ilin ilk dərs günü başlayarkən ehtiyacı olan ailələrin övladları məktəbli forması ilə təmin olunurlar və digər xeyriyyəçilik addımları atılır. Bundan əlavə, şəhərin mərkəzində pulsuz geyim dükanı fəaliyyət göstərir ki, həmin dükanda imkanlı şəxslərin geyinmədikləri və həmin dükana verdikləri paltarlar kimyəvi yollarla təmizlənir və ehtiyacı olan insanlara heç bir təmənna güdmədən verilir. Bəli, bu gün ehtiyacı olan bir kimsəyə yardım etmək, əl tutmaq, o böyük Allah-Təalanın qarşısında atılan ən böyük savab işlərdəndir. El arasında belə bir deyim var: “Yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər”. “Şəmkir Xeyriyyəçilər Birliyi”nə dövlət tərəfindən də dəstəyin göstərilməsi, yəqin ki, bu birliyin uzun ömürlü olmasına səbəb olacaq. Bu günlərdə birlik özünün facebook səhifəsində belə bir məlumat da paylaşıb ki, “Əziz dostlar! Bir nəfər xeyirxah insan ehtiyacı olana çatdırmaq üçün birliyimizə əlil arabası hədiyyə edib.. Dostlar, ehtiyacı olan tanıdığınız, bildiyiniz şəxs varsa çatdırın, əlil arabasını ona təhvil verək”. Bəli, bu kimi addımları eşitdikcə, “Şəmkir Xeyriyyəçilər Birliyi”nin fəaliyyətinin nə qədər dəyərli, nə qədər əhəmiyyətli olduğunu müəyyən etmək, heç də çətin iş deyil.
Belə bir addımların atılmasına baxmayaraq, son günlər bəzi media qurumlarında “Şəmkir Xeyriyyəçilər Birliyi”nin üzvü olan, indiyə kimi adı çəkilən qurumun çoxsaylı xeyirxah işlər görməsində lazımi dəstəyini göstərən, hal-hazırda isə 09 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün, 99 saylı Şəmkir Seçki dairəsindən namizədliyi qeydə alınmış Tural Zeynalovla bağlı xoşagəlməz açıqlamalar dərc olunmaqdadır. Məsələnin düşündürücü tərəfi odur ki, məqalələri dərc edənlər “Şəmkir Xeyriyyəçilər Birliyi”nin fəaliyyətini sırf Tural Zeynalovun adı ilə bağlayırlar. O halın varlığını isə unudurlar ki, bu Birlik hər ay xeyriyyəçilik addımlarını atır, köməyə ehtiyacı olan neçə-neçə insanlara dayaq olur. Məgər, köməyə ehtiyacı olan bir kimsəyə əl tutmaq günah işdir?. “Şəmkir Xeyriyyəçilər Birliyi” indiyə kimi atdığı xeyriyyəçilik addımlarını, bu ay da atıb. Sən demə, belə bir xeyriyyəçilik addımlarını gözü götürməyənlər, namizədliyi 99 saylı Şəmkir Seçki dairəsində qeydə alınmış Tural Zeynalovu hansısa formada ləkələmək istəyənlər, bu gün belə bir “qara piar” kompaniyası keçməyi qərara alıblar. Hətta, bir addım da irəli gedərək MSK-nın “Qaynar xətti”nə də zəng etməklə, Şəmkir Xeyriyyəçilər Birliyi”nin atdığı addımları, sırf Tural Zeynalovun adı ilə bağlayırlar. Ona görə də hər kəsə tövsiyyə edərdik ki, addım atarkən atdığınız addımları yüz ölçün, heç olmasa bir dəfə də biçin. Əgər kiminsə belə bir addımlarla bağlı şübhəsi varsa, o halda şəmkirli sakinlərlə görüşüb lazımi məsələlərə aydınlıq gətirə bilərlər.
Digər halın varlığını da qeyd edək və lazımi yanaşmanı ortaya qoymağı bacaraq. Tutaq ki, növbədənkənar parlament seçkisi başa çatdı və “Şəmkir Xeyriyyəçilər Birliyi” yenə də fəaliyyətini davam etdirməkdədir. O halda, Tural Zeynalovla bağlı açıqlamalar dərc edib, bu gün onu bir namizəd olaraq ləkələməyə çalışanlar, görəsən gələcəkdə Birliyin atdığı addımları təkrar bu şəxsin adı ilə bağlayacaqlar, yoxsa fərqli mövqe ortaya qoyacaqlar? Odur ki, bu yöndə düşünmək, bir qədər də götür-qoy etmək lazımdır. Yoxsa…
Hazırladı: Xəlil Yusifoğu