Xəbər

Təhdid xarakterli paylaşım edən Suraxanı məktəbinin şagirdi SAXLANILDI

“Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.

“Məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb, iddiaların əsassız olduğu müəyyən edilib.

Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”, – deyə məlumatda bildirilir.

Paylaş: