QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq:iki layihə meneceri vəzifədən gedib
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ətrafında yenidən diqqətçəkən iddialar gündəmə gəlib. Son günlər qurum daxilində baş verən dəyişikliklər və kadr ayrılıqları ilə bağlı yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub.
Məlumata görə, Agentlikdə layihələr üzrə menecer kimi çalışan iki əməkdaş – Ülkər Süleymanova və Mehdi Mehdiyev vəzifələrindən ayrılıblar. Bildirilir ki, hər iki şəxs öz ərizələri əsasında işdən çıxma qərarı verib və artıq bu barədə sosial şəbəkə hesablarında da paylaşım edərək qurumdan ayrıldıqlarını təsdiqləyiblər.
Rəsmi səbəblər açıqlanmasa da, “Yenixeberorg”-a ötürülüən məlumatlar vəziyyətin göründüyündən daha fərqli ola biləcəyini gündəmə gətirir. QHT sektoruna yaxın mənbələr iddia edirlər ki, hər iki əməkdaşın daxili iş mühitindən, xüsusilə də ayrı-seçkilik və münasibət məsələlərindən narazı olduğu barədə söz-söhbətlər dolaşır.
Qurum daxilində baş verən bu ayrılıqların ard-arda gəlməsi isə “Agentlikdə nə baş verir?” sualını yenidən gündəmə gətirib. Mövzu ilə bağlı rəsmi qurumdan hələlik əlavə açıqlama verilməyib.
Hadisənin detalları və mümkün səbəbləri isə hələlik qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, Ülkər Süleymanova Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudovun baldızıdır. Elə bu səbəbdəndir ki, QHT Şurasına və daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinə məhz Müşahidə Şurasının sabiq sədri, deputat Azay Quliyevin dəstəyi ilə götürülüb.
Digər əməkdaş Mehdi Mehdiyev isə Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin dəstəyi ilə işə qəbul olunubmuş.
Qeyd edək ki, Ülkər Süleymanovanın QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki işi ilə yanaşı “Estrello” adı ilə instagram üzərindən kofe falçılığı ilə məşğul olduğu barədə iddialar da dolaşırdı.(Yenixeberorg.com)
Qarşı tərəflərin cavab haqqını tanıyırıq.





