Manşet

Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər – Putinə müraciət olunub

Rusiyanın paytaxtı Moskva şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına küçə verilməsi üçün Moskva meri Sergey Sobyaninə müraciət olunub.

Bu barədə APA-nın Moskva müxbirinə Hərbçi Ailələri İttifaqı və Rusiya Prezidenti yanında Hərbi-mülki münasibətlər üzrə daimi komissiyanın sədri Mariya Bolşakova bildirib.

Onun sözlərinə görə, Rusiya paytaxtında Həzi Aslanovun adına küçə verilməsi təşəbbüsünü Moskvanın Qərb Dairəsi üzrə Azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri, Dövlət Dumasında deputat köməkçisi Əli Kazımov irəli sürüb.

“Bu çox yaxşı və mühüm təşəbbüsdür. Çünki Həzi Aslanov təkcə Azərbaycanın yox, həm də Rusiyanın qəhrəmanıdır. Onun Böyük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq bu gün də məmnuniyyətlə xatırlanır.

Ona görə də hesab edirik ki, Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi vacibdir. Moskvada mütləq onun adına küçə verilməlidir. Bundan əlavə müraciətdə Həzi Aslanovun adının orta məktəbə, xiyabana verilməsi də qeyd olunub”, – deyə o qeyd edib.

Əli Kazımov isə APA-ya açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada yeni inşa olunan metro stansiyalardan birinə Həzi Aslanovun adının verilməsi barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət olunub:

“Əlimizdən gələni edəcəyik ki, Qələbənin 75 illiyi ərəfəsində Moskvada Həzi Aslanovun xatirəsi əbədiləşdirilsin”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir