Bakı şəhərində şəhərsalmaya nəzarət sistemi faktiki olaraq iflic vəziyyətə salınıb. Maraqlıdır ki, hər il yeni qanunlar qəbul edilir, yeni qaydalar, standartlar tətbiq olunur. Amma nəticə dəyişmir. Əksinə, görünən odur ki, bəzi rayon icra hakimiyyətləri həmin qanunlardan şəhəri qorumaq üçün deyil, ictimai əraziləri kommersiya obyektlərinə çevirmək üçün istifadə edirlər.
Elə bil qanunlar onların əlində başqa məna kəsb edir. Elə bil qəbul olunan qaydalar parkı, yaşıllığı, səkini qorumaq üçün yox, onları satmaq üçün əlavə imkan yaradır. Hətta imkansızı belə imkana çevirirlər.
Bizimesr.com bildirir ki, Xətai rayonunun Xudu Məmmədov küçəsində baş verənlər isə bunu bir daha təsdiqləyir. İnanılması çətin olsa da, parkın ərazisi və piyada səkisi bir neçə gün ərzində “Lion PUB”a çevrilib. Bu qədər rahatlıq, bu qədər arxayınçılıq haradan qaynaqlanır?
Adamın ağlına bir sual gəlir – parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qanun işləyib? Hansı norma buna icazə verib? Yoxsa qanunlar artıq vətəndaş üçün yazılır, bəzi məmurlar üçün isə ümumiyyətlə tətbiq olunmur?
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdən soruşsalar ki, parkın və səkisinin yerində bu obyekt necə tikilib, böyük ehtimalla yenə klassik cavablardan biri veriləcək: “Xəbərimiz olmayıb”. Bir az da sıxışdırsalar, bu dəfə deyiləcək ki, “obyektin sənədləri qaydasındadır”.
Bəs sual budur – piyada səkisinin sənədi necə dəyişdirilib? Səki hansı qərarla PUB-a çevrilib? Park hansı əsasla kommersiya obyektinə verilib? Bunları hansı qurum təsdiqləyib? Yaxud, Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib?
Əgər bütün bunlar qanunidirsə, deməli, şəhərsalma qanunvericiliyinə yenidən baxmaq lazımdır. Yox, əgər qanunsuzdursa, onda niyə heç kim məsuliyyət daşımır?
Bu gün Xudu Məmmədov küçəsində səki PUB olur, sabah başqa küçədə park restoran olacaq, birisi gün isə uşaqların oyun meydançası hansısa obyektə çevriləcək. Belə çıxır ki, Bakıda artıq satılmayan yer qalmayıb.
Rafiq Quliyev Xətai rayonunun səkilərini də satır? Bu suala cavabı isə artıq aidiyyəti qurumlar verməlidir.
Bizimesr.com
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/rafiq-quliyev-parki-ve-piyada-sekisini-pub-a-cevirmek-ucun-hansi-qaydani-isledib—video-22721





